Futbol üzrə Avropa çempionatının bu gün keçiriləcək finalında qarşılaşacaq Portuqaliya və Fransa milli komandalarının matçı öncəsində Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib.
AZƏRTAC “bbc.com”a istinadla xəbər verir ki, matçın keçiriləcəyi “Stad de Frans” stadionu və ətrafında, o cümlədən də Eyfel qülləsi və “Champs Elysees” bulvarında asayişi qorumaq üçün 5 mindən çox polis səfərbər edilib. Polislərlə yanaşı əsgərlər də küçələrdə patrul gəzir.
Əgər bugünkü oyunda Fransa millisi qalib gələrsə təhlükəsizliyi təmin etmək məqsədilə Parisdə qələbə yürüşü təşkil edilməyəcək.
Qeyd edək ki, Fransanın 1998-ci ildə keçirilən dünya kubokundakı qələbəsini qeyd etmək üçün “Champs Elysees”ə bir milyondan çox inşan axışmışdı.