10 Avqust 2016 14:46
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar Partiyasından ABŞ prezidenti postuna namizəd olan Donald Tramp çərşənbə axşamı günü seçicilər qarşısında çıxış edərkən Demokratlar Partiyasının nümayəndələri və Tramp tərəfdarları arasında növbəti gərgin diskussiyalara səbəb olan yeni bəyanat verib.

Tramp bu ilin fevral ayında vəfat etmiş hakim Antonin Skalianın Ali Məhkəmədə boş qalmış yerinə yeni hakimin təyinatı məsələsini müzakirə edib. (Xatırladaq ki, ABŞ-ın Ali Məhkəməsi qeyri-məhdud xidmət müddətinə malik 9 hakimdən ibarətdir. Prezidentin nominasiyasından sonra Ali Məhkəmədə hakim postuna namizədlər Senatın Hüquq Komitəsinin dinləməsindən keçirlər. Senat təsdiq etdikdən sonra prezident hakim postuna namizədi rəsmən təyin edə bilər.

Respublikaçı hakim Antonin Skalianın ölümünə qədər Ali Məhkəmədə respublikaçı hakimlərin sayı 5, demokrat hakimlərin sayı 4 nəfər olub ki, bu da ABŞ hökumətinin məhkəmə qanadında respublikaçılara müəyyən səlahiyyət verib. Antonin Skalianın ölümündən sonra onun Ali Məhkəmədə yeri vakant qalır, çünki ölkədə prezident seçkiləri kampaniyası davam edir).

Tərəfdarları qarşısında çıxışı zamanı Tramp qeyd edib ki, əgər Hillari Klinton ABŞ prezidenti seçilərsə, hakimi demokratlar partiyasından təyin edəcək ki, bu da Ali Məhkəmədə demokratların sayını artıracaq və nəticədə ABŞ Konstitusiyasına XVIII əsrdə qəbul edilmiş, vətəndaşların silah saxlamaq və gəzdirmək hüququnu təsbit edən İkinci Düzəlişin ləğvinə gətirib çıxaracaq. Donald Tramp vurğulayıb: “Hillari Klinton İkinci Düzəlişi faktiki olaraq ləğv etmək istəyir. Əgər ona öz hakimlərini seçməyə icazə verilsə, siz heç nə edə bilməyəcəksiniz, dostlar. Lakin Siz - İkinci Düzəlişin tərəfdarları, bəlkə də bunu bacardınız”.

Trampın bu bəyanatı zorakılığa qəsdən təhrik kimi yozulub və hətta Hillari Klintonu öldürməyə potensial çağırış kimi qəbul edilib.

Hillari Klintonun seçki kampaniyasının rəhbəri Robbi Muk dərhal bəyanat verib: “Bu çox sadədir: Trampın bütün dedikləri hədədir. ABŞ prezidenti olmaq istəyən şəxs heç bir formada zorakılığa çağırmamalıdır”. Trampın kampaniyası cavab verib ki, Tramp öz şərhində zorakılığa çağırmayıb, sadəcə İkinci Düzəlişin tərəfdarlarını öz səslərindən istifadə etməyə və Hillari Klintonun silah sahiblərinin azadlığını məhdudlaşdıracaq hakimləri təyin etməsinin qarşısını almağa çağırıb.

Silah üzərində sərtləşdirilmiş tədbirləri dəstəkləyən, Demokratlar Partiyasından olan nüfuzlu senatorlardan biri Kris Merfi “Twitter”də yazıb: Buna siyasi yanlışlıq kimi yanaşmayın. Bu, milli faciə və böhrana şərait yarada bilən sui-qəsd hədəsidir”. Demokratlar Partiyasının Nyu-Yorkdakı şərhçisi Kristin Kvin qeyd edib ki, ABŞ prezidentliyinə namizəd olan şəxs anlaşılmaz və ikimənalı danışmamalı və hər dəfə də fikirlərinə görə özünü təmizə çıxarmamalıdır. Donald Trampın ABŞ prezidenti postuna namizədliyini dəstəkləməyən respublikaçılar da demokratlara qoşulublar.

Çərşənbə axşamında Respublikaçılar Partiyasının ABŞ xüsusi xidmət orqanlarında və administrasiyasında məsul vəzifələrdə çalışan 50 üzvü açıq məktubda prezidentliyə namizəd Donald Trampın səriştəsizlyini şübhə altına qoyub. Məktubu imzalayanların sırasında Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Maykl Hayden, Milli Kəşfiyyatın sabiq direktoru Con Neqroponte, Dünya Bankının direktoru Robert Zellik, sabiq daxili təhlükəsizlik naziri Tom Ric və Maykl Çertoff da yer alıb. Məktubda yazılıb: “Əminik ki, Tramp ölkəmizin tarixində təhlükəli və ən ağılsız prezident olacaq, ABŞ-ın milli təhlükəsizliyini və rifahını təhlükə altına qoyacaq. Bizim heç birimiz ona səs verməyəcəyik”. (Azərtac)


Müəllif:

Oxşar xəbərlər