ABŞ Dövlət Departamentinin sözçüsü Yelizabet Trudeau Amerika-Türkiyə münasibətləri ilə bağlı açıqlama verib.
Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, Departament sözçüsü ABŞ-la Türkiyə münasibətlərinin yenidən qurulmasına ehtiyac olmadığını bəyan edib: “Bizim Türkiyə ilə əlaqələrimiz, NATO-da müttəfiqliyimiz əslində çox güclüdür”.
Xanım Trudeau PKK-nın Suriyadakı qolu PYD-nin Fərat çayının qərbindəki varlığına dair sualı da cavablandırıb.
ABŞ vitse-prezidenti Co Baydenin Türkiyə səfəri zamanı kürd silahlıları Fərat çayının qərbindən çəkilməzsə ABŞ-dan dəstək almayacaqları xatırlatmasını şərh edən sözcü kürdlərin geri çəkiləcəklərinə söz verdiklərini deyib: "Kürd komandanları İŞİD-dən təmizlənən əraziləri yerli əhalinin öhdəsinə buraxacaqlarına söz veriblər. Onların verdiklərə sözə əməl edəcəklərini gözləyirik. İŞİD-dən xilas olunan ərazilər yerli əhaliyə tapşırılmalıdır".
Ötən gün PKK-nın Suriya qolu olan YPG-nin sözcüsü Redur Xəlil Fəratın qərbindən çəkilməyəcəklərini bildirib.
Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusu (ASO) isə Fərat çayı boyunca irəliləyib. YPG-nin əsasını təşkil edən Suriya Demokratik Gücləri (SDG) güneyə hərəkət edərək ASO-nun qarşısını almağa çalışıb. Liviyanın "Əl-Meydan" tele-kanalının xəbərinə görə, Türkiyə artilleriyasının zərbələrindən sonra SDG qüvvələri geri çəkilməli olublar.
Mahir