Türkiyənin "Firat Qalxanı" hərbi əməliyyatı zamanı Mare qəsəbəsinə gələn ABŞ əsgərləri burada Azad Suriya Ordusuna məxsus Şam Cəbhəsi tərəfindən etirazla qarşılanıb. Silahlılar ABŞ bayrağını yandırıb və Amerika əsgərlərindən Suriyadan çıxması tələb edilib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ xüsusi qüvvələri komandanlığına bağlı bir qrup əsgər sentyabrın 26-da, axşam saatlarında Suriyanın şimalındakı Əl-Babdakı əməliyyata dəstək olmaq məqsədilə Mare qəsəbəsinə gəlib.
"Firat Qalxanı" əməliyyatı çərçivəsində qəsəbəyə gələn ABŞ əsgərləri Şam Cəbhəsi tərəfindən etirazla qarşılanıb. Etirazşılar “Qatil və kafir Amerika Suriyadan rədd ol” şüarları səsləndiriblər. Aksiyada ABŞ dövlət bayrağı yandırılıb, ABŞ-a lənət oxunub.
Etirazda çıxış edən Şam Cəbhəsinin Mare qəsəbəsi üzrə nümayəndəsi Əbu Valid ABŞ-ı Suriya ərazisində görmək istəmədiklərini ifadə edərək amerikalı əsgərlərin kafir olduğunu bəyan edib. Həmçinin bildirib ki, kafirlərlə birlikdə olsalar özləri də kafir hesab olunacaq. Əbu Valid ABŞ əsgərlərinin "Firat Qalxanı" əməliyyatını məğlubiyyətə uğratmaq üçün səy göstərdiklərini vurğulayıb.
Qeyd edək ki, ötən həftədə ABŞ əsgərləri "Firat Qalxanı" əməliyyatında iştirak etmək üçün gəldikləri Çobanbey qəsəbəsində də Azad Suriya Ordusu tərəfindən etirazla qarşılanmışdı. Həmin vaxt amerikalı əsgərlər türk əsgərlərin köməyi sayəsində qəsəbədən çıxa bilmişdi. Nəticədə Azad Suriya Ordusuna bağlı Əhrar Əl Şarkiyye, Mare Devrimçilər, Sukur Cəbəl və Suvvur Tel Rifat qrupu ABŞ əsgərlərinin "Firat Qalxanı" əməliyyatında iştirak etməsi səbəbindən geri çəkiliblər.
Cavad