2 Noyabr 2016 02:14
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İraq ərazisindəki Başika bazasında hərbçilərinin olması səbəbindən iki ölkə arasındakı münasibətlər gərginləşib.

Teleqraf.com xəbər verir ki, İraqın baş naziri Heydər İbadi növbəti dəfə Türkiyəni hədələyib. İbadi Bağdadın Ankara ilə döyüşmək istəmədiyini, ancaq buna hazır olduğunu deyib.

Türkiyənin İraq sərhədinə qoşun yığmasına mənfi münasibət bəslədiyini bildirən İbadi rəsmi Ankaranın İraqa qoşun yeridəcəyi halda, hər cür qarşılıq verəcəklərini deyib.

“Türkiyənin İraqa hər hansısa bir hücumu, özünün çöküşünə səbəb olacaq. İraqa hücum edən bütün tərəflərə qarşılıq verəcəyik” deyə İbadi bildirib.

Qeyd edək ki, İraqda 62 dövlətin ordusu var, xarici KİV-in yazdığına görə, ölkə İranın təlimatları ilə idarə olunur, dövlətin bir hissəsi isə İŞİD tərəfindən ələ keçirilib. Bundan başqa, Türkiyəni təhdid edən PKK-nın ən böyük sığınacaqları və silah anbarları Şimali İraq ərazisində yerləşir. Lakin, bütün bunlara səsini çıxarmayan İbadi hökuməti Türkiyənin öz ərazisini, İraqdakı türkmənləri və sünni əhalini İranla İbadi hökumətinin dəstəklədiyi Haşdi Şəbi quruplaşmasından qorumaq istəyinə qarşı çıxır.

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu isə bildirib ki, Başika ətrafındakı vəziyyət gərəksiz gərginlik yaratdı: "Bu gərginlik olmamalı idi. Bununla belə, biz münasibətləri normallaşdırmaq üçün diplomatik səylərimizi davam etdiririk”. (APA)

Çavuşoğlu Türkiyə XİN müşavirinin ötən həftə İraqa səfər etdiyini, yaxın günlərdə isə İraq hökumətinin nümayəndə heyətinin Ankaraya səfər edəcəyini bildirib. Çavuşoğlu həmçinin, İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin Ankara-Bağdad münasibətlərinin normallaşdırılmasında vasitəçi rolunu oynamaq təklifini alqışlayıb.

“Türkiyə bu məsələdə bütün vasitəçi səylərini alqışlayır. İraq Türkiyə üçün qardaş dövlətdir. Bağdadda hamıdan yaxşı bilirlər ki, biz İraqın ərazi bütövlüyünə böyük önəm veririk”, - deyə XİN rəhbəri qeyd edib.


Müəllif: