Qazaxıstan prezidenti Nursultan Nazarbayev Seuldan qayıdarkən iş qrafiki və səhhəti ilə bağlı jurnalistlərə açıqlama verib.
Teleqraf.com-un yerli mediaya istinadla verdiyi xəbərə görə, prezident deyib ki, iş qrafikinin gərginliyi onun səhhətinə müsbət təsir göstərir:
"Həmişə düşünürəm ki, komandir ağ atın belində və tam sağlam şəkildə hamıdan öndə olmalıdır. Prezidentin işi belədir, gərək xalqdan heç nəyi əsirgəməyəsən - vaxtını da, sağlamlığını da. İşləyəndə də, işləməyəndə də... Yalnız bu halda bütün vəzifələri yerinə yetirə bilərsən".
Noyabrın əvvəllərindən səfərlərdə olan Nursultan Nazarbayev vaxt qurşağının təsirindən də söz açıb:
"Mən həmişə demişəm ki, şərqə getmək qərbə gedib Qazaxıstana qayıtmaqdan daha yaxşıdır. Əlbəttə, yorulursan, yuxun qaçır. Son günlər maksimum 3-4 saat yatıram".
Qazaxıstan prezidentinin səhhəti ilə bağlı məsələ vaxtaşırı gündəmə gəlir. Sonuncu dəfə ötən ayın əvvəllərində Nursultan Nazarbayevin soyuqladığı və bu səbəbdən xaricə səfərləri təxirə saldığı barədə rəsmi məlumat yayılmışdı.
MAHİR