Almaniyanın federal kansleri Angela Merkel Türkiyədəki Konstitusiya dəyişikliyində hakimiyyət bölgüsü prinsipinə təminat verilməsinin zəruriliyini vurğulayıb.
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, A.Merkel bu sözləri bu gün Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, yeni idarəetmə sistemində türk xalqının müdafiə etdiyi demokratik prinsiplər qorunub saxlanılmalıdır. A.Merkel ATƏT müşahidə missiyasının Türkiyədəki Konstitusiya dəyişikliyinə dair referendumun müşahidəçiliyinə dəvət olunmasını təklif edib.
Mətbuat konfransında İŞİD-dən bəhs olunarkən A.Merkelen “islamist terror” ifadəsi işlətməsi R.T. Ərdoğanın etirazına səbəb olub. “İslamist terror ifadəsi biz müsəlmanları ciddi şəkildə üzür. Belə bir ifadədən istifadə olunması doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür. Bu sözdən lütfən istifadə etməyək. İstifadə edilsə, biz buna qarşı çıxacağıq, çünki səssiz qalmaq bunu qəbul etmək olar. Mən bir müsəlman prezident olaraq bunu əsla qəbul edə bilmərəm”, - deyə R.T. Ərdoğan söyləyib.
A.Merkel isə cavab olaraq “islamist” sözü ilə “islami” sözü arasında fərq olduğunu vurğulayıb: “Din azadlığı mənim üçün çox önəmlidir və bunu demokratiyanın bir parçası olaraq görürəm. Almaniyada müsəlmanların öz ibadətlərini azad şəkildə yerinə yetirmələri üçün əlimizdən gələni edirik. İslamist sözü ilə islami sözü arasında fərq var”.