Suriyanın paytaxtı Dəməşq şəhərində dindarları daşıyan avtobuslarda partlayış törədilib.
APA-nın “Haberturk”-ə istinadən verdiyi xəbərə görə, iki partlayış nəticəsində azı 40 nəfərin öldüyü, 120-ə yaxın insanın yaralandığı bildirilir. Hadisə Dəməşqin Bab Musələ bölgəsində yerləşən Bab-əs Səqir məzarlığı yaxınlığında törədilib.
İçərisində dindarların olduğu avtobuslar məzarlığın yanından keçərkən yolun kənarında quraşdırılan partlayıcı qurğular işə düşüb. Ölənlərin böyük əksəriyyəti şiə təriqətinə mənsub İraq vətəndaşıdır. Bab-əs Səqir məzarlığında Kərbəla döyüşündə iştirak edənlərin qalıqları basdırıldığından bu məkan şiə müsəlmanların ziyarətgah yeri sayılır.