Suriyanın İdlib bölgəsində Bəşər Əsəd qüvvələrinin kimyəvi silah tətbiq etdiyi ciddi etirazlara səbəb olub.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi kimyəvi silahdan istifadəni inkar edib. Bildirilib ki, İdlib regionunda yerləşən Xan Seyhun qəsəbəsindəki silah-sursat anbarı Suriya döyüş təyyarələri tərəfindən hədəfə alınıb, anbarda bomba və partlayıcı istehsalında istifadə edilən zəhərli qazların olduğu bəlli olub.
Amma NATO Suriyada son bir ay içərisində üçüncü dəfə kimyəvi silahdan istifadə edildiyini vurğulayıb və bu cinayəti edənlərin cavab verməli olduğunu bildirib. Eləcə də ABŞ və Avropa Birliyi ölkələri kimyəvi silah tətbiqinə kəskin reaksiya verir.
NATO baş katibi Jens Stoltenberq kimyəvi silah hücumunu pisləyib. O, qeyd edib ki, İdlib bölgəsində kimyəvi silah tətbiqi içərisində uşaqların da olduğu onlarla insanın ölümünə səbəb olub və qorxunc hücum pislənməlidir: “Bu son bir ayda belə silahdan istifadə edilən üçüncü hadisədir. Bunu edənlər cavab verməlidir. Ölümlə nəticələnən və ya insanlara zərər verən kimyəvi silahlardan istifadə Suriyanın 2013-cü ildə imzaladığı Kimyəvi Silahlar Konvensiyasına əsasən qadağandır”.
BMT Təhlükəsizlik Şurası Suriyada kimyəvi silahdan istifadə səbəbindən bu gün təcili toplanır. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan Mistura bölgəyə son hücumu “dəhşətli hadisə” kimi qiymətləndirib. O, BMT Təhlükəsizlik Şurasının toplanacağını bəyan edib. Mistura əlavə edib ki, kimyəvi silahdan istifadə hərbi cinayətdir.
Təhlükəsizlik Şurasının iclasından əvvəl Almaniya xarici işlər naziri Sigman Gabriel Rusiyaya çağırış edərək bu halı qınamağa dəvət edib. Nazir günahkarların beynəlxalq məhkəmə qarşısına çıxarılmasının lazım olduğunu söyləyib.
İngiltərə xarici işlər naziri Boris Conson da Suriyadakı vəziyyət normallaşdıqdab sonra Bəşər Əsədin vəzifədə qalmasına icazə verilməməli olduğunu deyib. Nazir kimyəvi silah tətbiqinin arxasında Suriya hökumətinin olmadığını ortaya qoyacaq bir dəlil gömədiyini xüsusi vurğulayıb.
Avropa Birliyinin xarici əlaqələr komissarı Federika Mogereni də 70-dən çox insanın həyatını itirməsi ilə nəticələnən hücumu pisləyib və Suriyada sülhün dərhal təmin edilməsinin lazım olduğunu bildirib.
Suriya isə kimyəvi silahdan istifadə barədə iddiaları rədd edir.
Məsələ ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının iclası Fransa və İngiltərənin çağırışı əsasında keçirilir.
Qeyd edək ki, ötən gün İdlibdə döyüşlər zamanı kimyəvi silahdan istifadə edilib, nəticədə 20-si uşaq olmaqla 72 nəfər zəhərli qazdan həlak olub.
Cavad