6 Sentyabr 2017 17:27
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının seçmə turunda Suriya ilə qarşılaşan İran yığmasının oyununa qadınların buraxılmaması etirazlara səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, suriyalı qadınlar pasportunu mühafizəçilərə göstərərək, Tehrandakı Azadi stadionuna buraxılsa da, iranlı qadınlara biletləri olmasına rəğmən, İran-Suriya matçına baxmağa qadağa qoyulub.

Qaydalara görə, İranda qadınların kişilər arasında futbol üzrə yarışları izləməsi qadağandır. Lakin sözügedən qarşılaşmadan bir neçə gün əvvəl qadınlar üçün onlayn biletlərin satışa çıxarılması bu qadağanın aradan qaldırılmasına işarə edib. İran Futbol Federasiyası isə son anda qadınlar üçün biletlərin yanlışlıqla satışa çıxarıldığını açıqlayıb.

Qadınlardan biri Tvitter mikrobloqunda stadiona daxil olmağa icazə verilmədiyini vurğulayaraq “Foto və videomuzu çəkib bizi həbs etməklə şantaj elədilər” qeydini paylaşıb. Başqa bir futbol azarkeşi olan iranlı qadın polislərin onlara Suriya bayrağı ilə stadiona keçə biləcəkləri ilə bağlı təklif verdiyini deyib. Oyun başlanmazdan öncə İran dövlət televiziyasının şərhçisi “Suriya və digər ölkələrin qadınlarını stadionda gördüyümüz halda iranlı qadınların olmaması çox kədərlidir” deyə bildirib.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə bitib. Futbol üzrə 2018 Dünya Çempionatı 14 iyun-15 iyul arasında Rusiyada keçiriləcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər