Mən müstəqil şəxsəm və yaxın gələcəkdə ölkəmə dönəcəyəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri Livanın istefa vermiş baş naziri Saad Həriri deyib.
Sabiq baş nazir noyabrın 4-də istefa verəndən sonra ilk dəfə atası Rafiq Həriri tərəfindən yaradılmış Future TV-yə açıqlama verib.
Ər-Riyadda həbs edildiyi haqda iddiaları qiymətləndirən Həriri müstəqil olduğunu bəyan edib:
“Müstəqil və azadam. Sabah istəsəm, səyahətə çıxa bilərəm”.
Həriri eyni zamanda istefasından sonra konstitusiya proseduru başlatmaq üçün qısa müddətə Livana qayıdacağını da açıqlayıb:
“İstefamı normal şəkildə bildirmədiyimin fərqindəyəm. Ancaq özümü qorumaq üçün vəzifədən istefa etməli oldum”.
Sabiq baş nazir daha sonra əlavə edib ki, hökumətdə koalisiya şəriki olan Hizbullah regional qarşıdurmalardan imtina edəcəyi şərti ilə istefa qərarına yenidən baxa bilər. O, əlavə edib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla münasibətləri yüksək səviyyədədir:
“Onu qardaşım kimi qəbul edirəm. O da məni. Şəxsi münasibətlərimiz və dostluğumuz var”.
Livan Prezidenti Mişel Avn isə baş nazirin hərəkət müstəqilliyinə məhdudiyyətlər qoyulduğunu elan edib. Prezidentin ofisindən verilən yazılı açıqlamada baş nazirin istefa qərarının şübhə doğurduğu, Həririnin şəxsi qərarı olmadığı qeyd edilib.
Prezident deyib ki, baş nazirin istefasını rəsmi olaraq qəbul etməyib və Həriri ilə ikilikdə görüşmək niyyətindədir.
Qeyd edək ki, Livanın paytaxtı Beyrutda qaçış marafonu təşkil edilib. Sözügedən marafon Səudiyyə Ərəbistanında olan və istefa verən baş nazir Saad Həririnin müdafiə tədbirinə çevrilib.
42 kilometrlik qaçış marafonuna qatılan minlərlə insan “Vətənə dön” şüarı qaldırıblar. Eləcə də “Sənin üçün qaçıram”, “Səni gözləyirik”, “Baş nazirimizi özümüzə qaytarın” kimi şüarlar da səsləndirilib.