15 Noyabr 2017 13:45
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin bir neçə deputatı jurnalistlərə açıqlamalarında zəlzələdə ziyan çəkənlərə ilkin yardımların çatdırılması işinin ləngidilməsindən gileyləniblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bukanlı deputat Məhəmməd Qasım Osmani zəlzələdən ziyan çəkənlərə yardım və xidmət göstərilməsi işinin çox zəif getdiyini bildirib: “Ümid edirik ki, ölkə prezidentinin zəlzələ bölgəsinə səfərindən sonra təbii fəlakətdən ziyan görmüşlərə yardım çatdırılması işi daha da sürətləndiriləcək”.

İran parlamentinin Kirmanşah şəhərindən seçilmiş deputatı Qasım Casimi deyib ki, zəlzələnin baş verməsindən iki gün keçməsinə baxmayaraq bu fəlakətdən ziyan çəkənlər hələ də onlara ilkin yardımın çatdırılmamasından şikayətlənirlər: “Bölgəyə humanitar yardım çatdırılması işi çox ləng gedir. Təəssüflər olsun ki, bölgə əhalisi içməli su, qida və digər ilkin yardımların çatdırılmamasından korluq çəkirlər”.

Digər deputat Heşmətullah Fəlahət Pişə isə jurnalistlərə açıqlamasında zəlzələdə ziyan çəkənlərin əksəriyyətinə hələ də çadır çatdırılmamasından gileylənib: “Dalahu, Sərpol Zəhab və Səlas Babacani şəhərlərində elektrik xətlərinin sıradan çıxması və içməli su qıtlığı ciddi problemə səbəb olub. Bu şəhərlərdə zəlzələdən ziyan çəkənlərə hələ də çadır çatdırılmayıb və əhali payızın bu soyuq vaxtında iki gecədir çölədə qalır”.

Qeyd edək ki, İranda zəlzələ nəticəsində 530 nəfər həlak olub, 8000 insan yaralanıb, 15 mindən çox ev isə dağılıb.


Müəllif: Samir

Oxşar xəbərlər