Suriya Demokratik Gücləri (SDG) ilə İraq ordusu İraq-Suriya sərhədinin təhlükəsizliyini təmin etmək məqsədilə ortaq hərbi mərkəz qurub.
Teleqraf.com “Röyter” agentliyinə istinadla xəbər verir ki, belə bir razılaşma iki gün əvvəl, İraqda baş tutub.
SDG-nin açıqlamasında bəyan edilib ki, tərəflər Deyr əz-Zor vilayətinə yaxın Suriya-İraq sərhədlərində təhlükəsizlik məsələləri və burada İŞİD-in sıradan çıxarılması haqda müzakirə aparıblar. Sonda tərəflər sərhədin təhlükəsizliyini təmin etmək və nəzarəti gücləndirmək üçün ortaq mərkəz qurmaqla bağlı qərar verib.
Qeyd edək ki, ötən həftə İraqın Baş naziri Heydər İbadi artıq İraq torpaqlarında İŞİD-lə müharibənin başa çatdığını elan edib. Bu bəyanata qədər İraq ordusu Suriya ilə sərhəd boyu olan əraziləri İŞİD-dən təmizləyib.
O da bəllidir ki, əslində Suriya Demokratik Gücləri adlandırılan qurum PYD-YPG birliyidir.