İnvestisiya və yardım üçün Tanzaniyaya gedən türkiyəli biznesmen Xalidin Mumcu icazəsiz Qurani-Kərim payladığı üçün saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Mumcu ilə birlikdə saxlanılan Tanzaniya vətəndaşı Əli Kalufyanın qardaşı Yusif Kalufya "Anadolu" agentliyinə açıqlamasında qardaşının hər il mədrəsələrə Quran payladığını deyib. Onun sözlərinə görə, bu il də ənənəvi olaraq müqəddəs kitabları paylayıb və 10 gündür Mumcu ilə birgə Kiqoma baş polis idarəsində saxlanılır.
Yusif Kalufya türkiyəli iş adamının polis bölməsində vəziyyətinin pisləşdiyini və 2 gün Kiqoma dövlət xəstəxanasında həkim nəzarətində qaldığını bildirib: “Xalidin Mumcunun vəziyyəti yaxşılaşandan sonra yenidən polis idarəsinə aparılıb”.
Türkiyənin bu ölkədəki səfiri Əli Davudoğlu Türkiyə vətəndaşının sərbəst buraxılması üçün Tanzaniya Xarici İşlər Nazirliyi ilə danışıqlar aparıldığını və lazımi tədbirlər görüldüyünü qeyd edib.