10:14
Panmuncomun sərhəd məntəqəsində Cənubi Koreya ilə Şimali Koreya arasında danışıqlar başlayıb.
Teleqraf.com Ria Novosti-yə istinadla xəbər verir ki, bununla bağlı Cənubi Koreyanın Vəhdət Nazirliyi məlumat yayıb.
Görüş zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və Şimali Koreya idmançılarının Cənubi Koreyada keçiriləcək 2018-ci il Qış Olimpiadasında mümkün iştirakı məsələləri müzakirə ediləcək.
Hər iki ölkənin nümayəndə heyəti beş nəfərdən ibarətdir.
***
12:19
Bu gün səhər saatlarında Şimali və Cənubi Koreya arasında baş tutan danışıqlarda razılıq əldə edilib.
Bununla bağlı Cənubi Koreya tərəfi məlumat yayıb.
Razılaşmaya əsasən, Şimali Koreya Cənubi Koreyada keçiriləcək Qış Olimpiyada Oyunlarına rəqs və musiqi qrupunu, eləcə də taekvando yığmasını göndərəcək.
***
Bu gün Şimali və Cənubi Koreya arasında Panmuncomun sərhəd məntəqəsində baş tutan görüş zamanı əldə olunan razılaşmanın təfərrüatları məlum olub.
Görüş zamanı, KXDR Cənubi Koreyada baş tutacaq Qış Olimpiada oyunlarına geniş nümayən heyəti göndərməyə razılıq verib. Cənubi Koreya öz növbəsində, oyunların açılış mərasimində hər iki ölkənin idmançılarının birləşməsi təklifini irəli sürüb.
Həmçinin, Seul hər iki ölkənin hərbçilərinin danışıqlara başlamağını təklif edib. Bu addım Koreya yarımadasında gərginliyin azaldılmasına səbəb olacaq.
Bundan başqa, Pxenyana fevralın 16-da yeni yüksək səviyyəli görüşlə bağlı təklif təqdim olunub. KXDR-in buna reaksiyası açıqlanmayıb.
Seul KXDR-ə qarşı irəli sürülmüş sanksiyaları müvəqqəti olaraq ləğv etmək niyyətini bildirib. Bu addım Qış Olimpiada oyunlarının keçirilməsi üçün vacib olacaq.
Danışıqların davam edəcəyi gözlənilir.