Dünyada sülh və sabitliyi təhdid edən ən böyük problem kiberhücumlardır.
Teleqraf.com xəbər verir ki, bunu CNBC telekanalının efirində Almaniyanın Müdafiə naziri xanım Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda baş tutmuş “NotPetya” və “VannaKri” haker hücumları incə və şəxsi məlumatların oğurlanmasının bütün dünya üzrə kompaniyaların və hökumətlərin fəaliyyətində partlayışa səbəb olduğunu göstərdi. Nazir vaxtaşırı “informasiya müharibəsi” adlandırılan bu vəziyyətin getdikcə daha da kəskinləşdiyini vurğulayıb.
“Sizin təsəvvür edə biləcəyiniz istənilən düşmən, hətta İŞİD belə bizə qarşı mübarizədə kiberfəzadan istifadə edir”, - deyə o qeyd edib.
Nazir Münhen Təhlükəsizlik Konfransının kuluarlarında bildirib ki, qarşıdakı onilliklər informasiya müdafiəsinin gücləndirilməsi dövrü olacaq.
Qeyd edək ki, sonuncu dəfə Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında güclü haker hücumuna rast gəlinib.