4 Aprel 2018 22:00
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ABŞ-da Azərbaycan əsilli biznesmen Rza Zərrabın məhkəmə prosesi davam edir.

Teleqraf.com xəbər verir ki, Rza Zərrabla eyni vaxtda saxlanılan Məhmət Hakan Atilla da müttəhimlər kürsüsündədir. Rza Zərrabın həbs edilməsi həm də Türkiyə-ABŞ münasibətlərinin pisləşməsi üçün əlavə addım oldu. Lakin sonradan Zərrab istintaqla əməkdaşlığa getdi... Elə hər şey bu əməkdaşlıqdan sonra üzə çıxdı. Hüquqi tədbirlər siyasi təzyiqlərlə əvəz olunmağa başladı. Bu barədə bir qədər sonra...

FTB-nin ölkələr arasında siyasi qarşıdurmalara yol açan həbslərinin qısa xronologiyasını təqdim edirik.

Ağır cinayəti etiraf edən Manssor

Həm İran, həm də ABŞ vətəndaşı olan Manssor Arbabsiar 2011-ci ildə FTB əməkdaşları tərəfindən Con Kennedi Hava Limanında həbs edilib.

FTB Arbabsiara qarşı ciddi ittiham irəli sürüb. İttihama əsasən, Arbabsiar Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə sui-qəsd təşkil etməkdə günahkar bilinib. İstintaqda Rza Zərrabla bağlı davada iştirak edən prokuror Preet Bharara da rol alıb. İttihama görə, Manssor Arbabsiar Meksika mafiyasına səfirə sui-qəsd təşkil etmək üçün 1,5 milyon dollar ödəyib. Bu ödəməni həyata keçirmək üçün Meksikaya gedən Arbabsiar ABŞ-a qayıtdığı zaman Kennedi hava limanında FTB tərəfindən həbs edilib. FTB Arbabsiarın İran hökuməti tərəfindən istiqamətləndirildiyini iddia edib.

İran isə bu iddiaları rədd edərək sui-qəsd planı ilə əlaqəsinin olmadığını bəyan edib. Ancaq FTB Manssor Arbabsiarın onlarla əməkdaşlıq etməsi üçün əlindən gələni edib. Nəticədə Arbabsiar cinayəti etiraf edib, səfirə sui-qəsd təşkil etmək üçün İrandan təlimatlar aldığını bildirib. Əlavə edib ki, İran İnqilab Keşikçiləri Qvardiyası ilə isti münasibətləri var. 2 il davam edəm məhkəmə prosesi 2013-cü ildə başa çatıb və ABŞ məhkəməsi Arbabsiara 25 il həbs cəzası verib. Bu olay iqtisadi sanksiyalara görə pisləşmiş ABŞ-İran münasibətlərini bir qədər də gərginləşdirib. Tehran bu məhkəmə prosesini Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən həyata keçirilən “siyasi əməliyyat” adlandırıb.

Lesinin müəmmalı ölümü və adı açıqlanmayan casus


Rusiyada tanınmış sima olan Mixail Lesin 2015-ci ildə Vaşinqtonda qaldığı oteldə ölü tapılıb. Mixail Lesin Rusiya Prezidenti Putinə yaxın şəxslərdən biri olub və rus mediası ilə Putin arasında körpü yaratmaq üçün iş aparıb. LesininABŞ-dakı şübhəli ölümü bir sıra suallar yaradıb. İlkin dövrdə onun infarktdan öldüyü iddia edilib, lakin sonradan aparılan araşdırmalar zamanı Lesinin öldürüldüyü ortaya çıxıb. İddia olunur ki, FTB Putinin yaxın adamlarından olan Lesini “verbovka” edə bilib. Lesinin FTB ilə əməkdaşlıq etdiyi üçün ruslar tərəfindən aradan götürüldüyü versiyası hələ də öz gücünü saxlayır. Bu cinayət faktı ABŞ-Rusiya münasibətlərini sarsıdıb, eləcə də ABŞ və Qərb tərəfindən Rusiyaya sanksiya tətbiq edilməsi cəhdlərinə səbəb olub.

FTB həmçinin bu günə qədər adı açıqlanmayan Rusiya vətəndaşını həbs edib. Həmin şəxs Rusiyanın nüvə fəaliyyəti ilə bağlı FTB ilə əməkdaşlıq edir. Rusiyanın nüvə texnologiyası barədə FTB agentlərinə informasiya çatdıran Rusiya vətəndaşının kim olduğu indi də bilinmir. ABŞ Senatındakı dinləmə zamanı həmin şəxsin adı müəyyən dairələrə bəlli olub. Ondan sonra FTB Rusiya vətəndaşının məxfiliyini saxlamaqla onu qorumaqda davam edir. Həmin şəxsin Rusiyada maliyyə axını, rüşvət, korrupsiya və şantaj kimi əlaqələrin içində olduğu qeyd edilir. Şahid haqqında heç bir şəxsi informasiya ABŞ mediasına sızmayıb. Ancaq bu adsız şahidin FTB-yə xidməti səbəbindən Rusiya-ABŞ münasibətləri faktiki olaraq pozulub.

Təqiblərə yol açan məhbus

Əfqanıstanda fəaliyyət göstərən terror təşkilatı "Taliban"ın Mahmud Siddiq adlı üzvü FTB tərəfindən həbs edilən terrorçulardan biridir. Lakin Siddiqin əhəmiyyəti bir müddət sonra ABŞ-ın Əfqanıstan üzərindəki strategiyasının bir hissəsinə çevrilib. Siddiqin ifadələri əsasında FTB bu günə qədər Əfqanıstanın önəmli şəxslərini təqib edir.

Zərrabın həbsi


2016-cı ilin martında Mayami hava limanında Türkiyə və İran vətəndaşı olan Rza Zərrab ABŞ tərəfindən İrana tətbiq edilən sanksiyaları pozduğu üçün həbs edilib. Zərrabın bu həbsi Türkiyə tərəfindən narahatlıqla qarşılandı. Sonradan bəlli oldu ki, ABŞ bu həbslərdən hədəfə götürdüyü dövlətə qarşı istifadə edir. Çünki Zərrab və digər şahidlər ifadələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bir neçə siyasi fiqurun əleyhinə ifadə veriblər.


Müəllif: Cavad