6 İyun 2018 11:30
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Azərbaycana simpatiyası olan və Dağlıq Qarabağ məsələsində bizim haqlı mövqeyimizi müdafiə edən bir neçə siyasi ekspert və jurnalist var, ara-sıra Bakıya da gəlirlər. Ancaq başımızın altına yastıq qoymağa da ehtiyac toxdur. Rusiyalı ekspertlər açıqlama verirlər ki, guya Moskva Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməyə razı salıbmış, sadəcə Nikol Paşinyanın qəfil hakimiyyətə gəlişi bu planları pozub.

Bu iddia yumşaq desək nağıla oxşayır, Serj Sərkisyan 10 ilə yaxın hakimiyyətdə idi, bəs Moskva bu illərdə nəyi gözləyib və niyə Sərkisyan bu 10 ildə 5 rayonu azad etməyib?

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq hesab edir ki, nə Sərkisyan 5 rayonu azad etmək istəyirdi, nə də Moskvanın bu məsələdə Ermənistanın keçmiş prezidentinə hər hansı təzyiqi olub: “Sadəcə, Oleq Kuznetsov, Aleksandr Duqin və digərləri Ermənistanı tənqid etməklə yanaşı, Azərbaycanda Rusiyanın müsbət imicini formalaşdırmağa çalışırlar. Yəqin tapşırıq elədir. Bu onların işidirsə, mənim də vəzifəm heç nəyə əsaslanmayan açıqlamalara inanmaq yox, Rusiyanın atdığı addımları analiz etməkdir. Ancaq mən onların hər həftə verdikləri açıqlamaları şərh etmək istəmirəm. Siyasətçinin sözlərini şərh etmək olar, ancaq siyasi ekspertin bir başqa ekspertin sözlərini hər dəfə şərh etməsini doğru saymıram”.

Elxan Şahinoğlu rusiyalı diplomat Artyom Kojinin Qarabağla bağlı fikirlərinə də münasibət bildirib:

“Kojin əvvəlcə dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar formatının dəyişməsi qeyri-konstruktiv yanaşmadır. Bəzilərimiz bunu belə qələmə verdik ki, rusiyalı diplomat Ermənistanın baş naziri Nikol Paşinyanın “danışıqlarda Dağlıq Qarabağ təmsilçiləri də iştirak etməlidir” fikrinə etiraz edib. Bəzilərimiz hətta çox uzağa gedərək, sevincək halda bunu Rusiya-Ermənistan qovğası kimi qiymətləndirməyə çalışdıq. Ancaq daha sonra Rusiyanın XİN-nin saytında həmin rusiyalı diplomatın sözləri korrektə edildi. Bu bizim xoşumuza gəlmədi və dedik ki, “yox o belə deməmişdi, saytdakı xəbəri düzəldin!”.

Həmin diplomatın nə deməsindən asılı olmayaraq onun rəhbəri işçisinin sözlərinə düzəliş verdi və Ermənistana işarə edə biləcək tənqidi fikirlər çıxardıldı. Son söz hər yerdə rəhbərindir. Həmin diplomat da rəhbərinin düzəlişinə etiraz etməyib. Rusiya rəsmiləri və diplomatları Ermənistana dəstəkdən əl çəkmək istəmirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər