Karen Petrosyanın meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi iş görür.
Teleqraf.com axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə naziri Seyran Ohanyan çıxış edib.
O, Qırmızı Xaçın bu işlə Karen Petrosyanın əsir düşdüyü gündən etibarən məşğul olduğunu bildirib:
“Biz Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edirik. Bu dəqiqə Karen Petrosyanın cəsədinin qaytarılması, ya da əvəz edilməsi ilə bağlı iş gedir”.
Karen Petrosyan avqustun 7-də Tovuzun Ağbulaq kəndində ələ keçmişdi. Avqustun 8-də isə onun ölməsi haqqında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yaydı.
Xatırladaq ki, hal-hazırda Ermənistanda iki kəlbəcərli mülki şəxs – Dilqəm Əsgərov və Şahbaz Quliyev girov saxlanılır. Onlarla bir yerdə Kəlbəcərə gedən Həsən Həsənov isə öldürülüb və Qırmızı Xaçın verdiyi məlumata görə, orada dəfn edilib.