Təhsil nazirinə ikidilli bölgələr haqda səsləndirdiyi fikirlər barədə xəbərdarlıq edirəm. Nazir bu açıqlamasına görə üzr istəməlidir, əks halda biz millət vəkilləri olaraq qanun çərçivəsində lazımi tədbirləri görəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu bunu İran parlamentinin Binab şəhərinin azərbaycanlı millət vəkili Ziyaolla Əzazi deyib.
O, Təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars dillərin tədrisinin qadağan edilməsi ilə bağlı səsləndirdiyi fikirlərin qəbuledilməz və Konstitusiyaya zidd olduğunu bildirib.
Təhsil nazirinə etiraz edən millət vəkillərindən biri də Ərdəbil, Nəmin, Nir və Səreynin İran parlamentindəki millət vəkili Südeyif Bədridir. Millət vəkili təhsil nazirinin açıqlamasını “çiy söhbət” adlandırıb:
“Təhsil naziri digər dillərin məktəblərdə tədris olunmasının təhlükəli olduğunu deyib, bu barədə xoşagəlməz ifadələr işlədib. Bu məsuliyyətsiz açıqlama həm qanun baxımından, həm də elmi cəhətdən çox məntiqsizdir. Hazırda ölkə xarici qüvvələrin təhlükəli ssenariləri və daxili idarəetmə problem ilə üz-üzədir. Belə bir vəziyyətdə çiy sözlərlə çıxış edənlər, qarşıdurma yaratmağa çalışan qüvvələrlə birlikdə ölkədəki birliyə zərbə vururlar”.
Südeyif Bədri sözlərinin sonunda vurğulayıb ki, “Biz əhalinin nümayəndəsi kimi bu məsələni araşdırırıq. Təhsil naziri millət vəkillərinin qarşısında cavab verməlidir”.
Qeyd edək ki, Məhəmməd Bəthayi qeyri-fars dillərin İran üçün təhlükəli olduğunu əsas gətirərək məktəblərdə tədrisinin qadağan edildiyini açlıqlayıb.