Ermənistanın həbs edilmiş keçmiş prezidenti Robert Köçəryan istintaqa ifadə verməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçaturyan deyib.
Xaçaturyan qeyd edib ki, Köçəryan şübhəli şəxs qismində ifadə verməyəcəyini bildirib: “İstintaq araşdırılmasında şübhəli şəxs qismində iştirak etmək istəmir. Buna görə də, dindirilmə vaxtı otaqdan çıxdı, bu, ona yaraşmadı. Bu həm də özü haqda şübhələri artırır. Digər yandan, Köçəryanın həbs edilməmişdən əvvəl verdiyi ifadə sonradan verdiyi ifadələrlə uyğun gəlmir”.
Sasun Xaçaturyan keçmiş prezidentin toxunulmazlığının ləğv ediləcəyini və məhkəməyə çıxarılacağını istisna etməyib. O, bunu Robert Köçəryanın ifadələrindəki uyğunsuzluqla əlaqələndirib.
Qeyd edək ki, Köçəryan 2008-ci ilin martın 1-də İrəvanda keçirilmiş aksiyalarda iştirak edən vətəndaşlara odlu silahdan atəş açmaq əmri verməkdə ittiham edilir.
O, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər ərazilərinin Ermənistan ordusu tərəfindən işğal edilməsinin müəllifi kimi tanınır.