15 Avqust 2018 14:38
1 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupu uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini davam etdirir. Qrupun mandatı ilə bağlı müəyyən edilmiş sənəddə bildirilir ki, Minsk Qrupu bu istiqamətdəki fəaliyyətini beynəlxalq hüququn normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktının müddəaları əsasında təşkil edib. Yəni, beynəlxalq ictimaiyyət Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıyır. Lakin Azərbaycan torpaqları hələ də işğal altındadır və bu münaqişənin həlli yolları sadəcə müzakirə edilir, konkret addımlar atılmır.

Bu sözləri Teleqraf.com-a Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova deyib.

Politoloq qeyd edib ki, status-kvonun dəyişməsinə baxmayaraq, Ermənistan Azərbaycanın beynəlxalq arenada yürütdüyü siyasətdən, ona beynəlxalq aləmdə verilən dəstəkdən, eləcə də Azərbaycanın bu günki gücündən çəkinir:

“Ermənistan hələ də 2016-cı ilin aprel döyüşlərində aldığı ağır zərbənin xofundan çıxa bilmir. Yeni Baş nazir Nikol Paşinyan da bütün çıxışlarında bundan danışır. Paşinyan açıq formada öz qorxusunu dilə gətirir. İrəvan indi o ehtimala inanır ki, Rusiya Azərbaycanın Dağlıq Qarabağı geri qaytarmaq cəhdlərinə mane olmayacaq.

Paşinyan son müsahibələrdən birində “Biz inana bilmərik ki, Rusiya Azərbaycanı dayandırmaq gücünə malik deyil” deməklə artıq Rusiyanın bu məsələdə Ermənistanı dəstəkləyib-dəstəkləmədiyinə dair şübhəsini dilə gətirdi. Buna görə də o, Rusiyaya yalvarış mövqeyinə çəkilib”.

Ramiyə Məmmədova vurğulayıb ki, hazırda Ermənistan KİV-də təmas xəttində atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulmasını, erməni müharibə cinayətkarlarının “qəhrəmanlığı”, hərbi əməliyyatların hər an bərpası ehtimalı, militarist ritorika və Azərbaycanda ermənilərə qarşı nifrətin təbliğatı barədə yazılar dərc edilir:

“Ermənistandakı bu ab-hava ölkə daxilində ictimai-siyasi proseslərin gərgin olmasından irəli gəlir. Paşinyanın başçılıq etdiyi siyasi komandanın Rusiya tərəfindən dəstəklənməməsi gərginliyi bir qədər də artırır.

Paşinyanın anti-Rusiya siyasəti vaxtilə Rusiyanın hakimiyyətə gətirdiyi kadrlarına qarşı başlatdığı həbslər Kreml tərəfindən birmənalı qarşılanmır. Nəticədə Rusiya Azərbaycana dəstəyini artırmaqla, Dağlıq Qarabağ münaqişəsi barədə İrəvanda narahatlıq yaradır”.


Müəllif: Mənsur Rəğbətoğlu