Allah prezidentimizdən razı olsun. O, olmasaydı, indi Türkiyədə ola bilməzdim. Prezidentin o qədər sıx iş qrafiki olmasına rəğmən, mənimlə maraqlanması qürurverici haldır. ABŞ-ın Vaşinqton həbsxanası ən pis müəssisələrdən biridir. Həbsxanada belə Prezident Ərdoğanın mesajlarını aldım.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın son ABŞ səfəri zamanı Türkiyə səfirliyi önündə baş verən qarşıdurma zamanı həbs edilən və son 11 ayı həbsxanada yatan Sinan Narın deyib.
O, bildirib ki, ABŞ məhkəməsi ona 10 il cəza vermək niyyətində olub:
“Məhkəmədə ilk dediyim “prezidentimə canım fəda, türk millətinə canım fəda, hər şey vətən üçün, 10 deyil, 20 ildə həbsdə yataram” sözləri oldu. Lakin sonda prezidentin göstərdiyi cəhdlər nəticəsində mənə 4 il həbs verildi. 1 il həbsdə yatdım. Son 3 ili isə şərti cəza kimi çəkəcəyəm”.
Sinan Narın əlavə edib ki, əgər Prezident Ərdoğanın iş qrafiki imkan versə, dövlət başçısı ilə görüşəcək. Onun sözlərinə görə, Vaşinqtonda cəza çəkdiyi həbsxananın şərtləri çox ağır olub: “ABŞ daim insan haqlarından danışır. Ancaq biz 11 ay ərzində günəş görmədik. Normal qida, göy-göyərti qəbul edə bilmədik. İcazə alıb 2 həftəlik İstanbula gəlmişəm. İstanbulda ana və atamı görəcəyəm. Onları sonuncu dəfə 3 il əvvəl görmüşəm”.
Xatırladaq ki, 2017-ci ilin mayında Prezident Ərdoğanın ABŞ-a səfəri zamanı Vaşinqtonda ermənilər və PKK üzvlərinin etiraz aksiyası keçirildi. Bu zaman Ərdoğanı müdafiə edən türk mühafizəçilərlə qarşı tərəf arasında dava düşdü. Sonradan ABŞ polisi bu dava ilə bağlı cinayət işi açdı, bir neçə şəxsi həbs edildi. Həbs olunanlardan biri də Sinan Narın idi.