Bu gün Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərə gəlib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə “Türk axını” layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr edilən tədbirdə iştirak edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, V.Putin tədbirdə çıxışı zamanı bir sıra məsələlərə toxunub. O qeyd edib ki, Rusiya ilə Türkiyə 100 milyard dollarlıq əmtəə dövriyyəsinə nail olacaq:
“İndi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi 100 milyard dollarlıq əmtəə dövriyyəsi bu il Rusiya ilə Çin arasında əldə ediləcək. Bəs Türkiyə ilə niyə bundan az olsun? Bəli, Türkiyə ilə də bu nəticəyə nail olacağıq. Mənim buna qəti şübhəm yoxdur”,
İstanbulda keçirilən mərasimdə Rusiya Prezidenti əlavə edib ki, “Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib, dövlətlərin öz milli mənafeyini qorumaq bacarığını nümayiş etdirir:
“Bu kimi layihələr, o cümlədən hazırkı layihə heç kimə qarşı yönəlməyib və sırf qurucu mahiyyət daşıyır. Bu layihə dövlətlərarası münasibətlərin genişlənməsinə, iqtisadiyyatın dayanıqlı inkişafına və iki ölkə əhalisinin rifahının yüksəlməsinə yönəlib”.
Xatırladaq ki, iki ölkə prezidenti arasında bu il 5 dəfə görüş, 17 dəfə isə telefon danışıqları olub.