Erməni ordusunda tüğyan edən özbaşınalıq artıq adi hala çevrilib. Nizam-intizamın yox dərəcəsində olması, hərbçilər arasında tabelik münasibətlərinin qeyri-etik həddə çatması neqativ halların silsilə xarakter almasını şərtləndirir.
Erməni silahlı birləşmələrində dekabrın ilk iki günündə ard-arda baş vermiş hadisələr bunu bir daha təsdiqləyir.
Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, dekabrın 1-də saat 20:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin təmas xəttində yerləşən hərbi hissələrindən birində 31 yaşlı müqaviləli hərbi qulluqçu Qor Ağvanoviç Sərkisyanın güllələnmiş meyiti aşkarlanıb.
1987-ci il təvəllüdlü, Nor Nork komissarlığından çağırılmış, 2016-cı ildən xidmət edən Sərkisyan İrəvan şəhər sakini olub.
Qohumları, onun intihara əl atdığına inanmadıqlarını deyərək, daha çox onun öldürülməsini iddia ediblər.
Qeyd edək ki, hərbi istintaq baş idarəsində təhdid, qəddar münasibət və ya davamlı ləyaqətinin alçaldılması yolu ilə şəxsin intihara sürüklənməsi maddəsi üzrə hadisənin baş vermə səbəblərinin araşdırılması məqsədilə cinayət işi açılıb, ilkin araşdırma aparılır.
Erməni ordusunda növbəti hadisə dekabrın 2-də saat 20:40 radələrində Qeğarkunik vilayətində baş verib.
Sözügedən vilayətin Qeğamasar kənd sakini 24 yaşlı hərbi qulluqçu Viktor Tsavakyan idarə etdiyi "Mercedes" markalı avtomobillə Martuni-Vardenis-Kəlbəcər yolunun 38-ci km-də piyada, Armavir vilayətinin Koğbavan kənd sakini 29 yaşlı Varujan Harutyunyanı vurub. Piyada hadisə yerindəcə ölüb.
Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyi hərbi polis idarəsinin Vardenis polis şöbəsində müvafiq araşdırma materialları toplanır.