Ukrayna Təhlükəsizlik Xidməti ölkənin şərqində 10 rus desantçısını həbs edib.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, Donetsk vilayətinin Zerkalnıy yaşayış məntəqəsində ələ keçən rusiyalı hərbçilər Rusiya Hərbi Desant Qüvvələrinin İvanovo şəhərində dislokasiya olunan 331-ci alayının hərbi qulluqçularıdır. Onların üzərindən şəxsiyyətlərini təsdiq edən sənədlər və silah-sursat aşkar olunub.
Onlar ifadələrində avqustun 23-də dəmur yolu ilə Rostov vilayətinə gətirildiklərini bildiriblər. Avqustun 24-ü gecə isə hərbçilər ümumi həyəcan siqnalı ilə ayağa qaldırılaraq bir neçə zirehli maşınla Ukrayna ərazisinə daxil olmaq göstərişi alıblar.
Qeyd edək ki, hadisə Ukrayna prezidenti Pyotr Poroşenkonun Minskdə Avrasiya və Gömrük İttifaqları prezidentləri, o cümlədən Vladimir Putinlə birlikdə keçirəcəyi görüş fonunda baş verib.