Qətər İnkişafı Fondu ölkənin əmiri Şeyx Təmim bin Həməd Əl Taninin fərmanı ilə Suriyadakı qeyri-hökumət təşkilatı olan “Ağ dəbilqəlilər” təşkilatının fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar pul ayrıb.
Teleqraf.com xəbər verir ki, bu barədə fondun mətbuat xidməti məlumat yayıb.
“Qətər əmirinin fərmanı ilə Suriya xalqının dəstəklənməsi məqsədilə Qətər İnkişaf Fondu könüllülərdən ibarət Suriya qeyri-hökumət təşkilatı olan “Suriya mülki müdafiə” (“Ağ dəbilqəlilər”) təşkilatına 2 milyon dollar ayrılıb”, – deyə fondun mətbuat xidmətindən bildirilib.
Razılaşmanı fondun baş direktorunun müavini Misfar əl-Şəhvani və “Ağ dəbilqəlilər” təşkilatının rəhbəri Raid əs-Saleh imzalayıb.
Bu vəsaitlə 7 yanğınsöndürən avtomobilin alınması, Suriya ərazisində könüllülərə təlim keçilməsi, bombardıman nəticəsində rayonlarda dağıdılan yolların bərpası işləri görüləcək.
Qeyd edək ki, Qərbdə geniş populyarlıq və dəstək qazanmış “Ağ dəbilqəlilər” təşkilatı döyüş əməliyyatları zonasında mülki şəxslərin xilasını başlıca məqsədi elan edib. Bununla belə təşkilat Suriya hakimiyyəti tərəfindən ekstremistlərlə əlaqədə ittiham edilir və Dəməşq əleyhinə düşmənçilik təbliğatı aparmaqda günahlandırılır.
Suriya hakimiyyətinin bu mövqeyini Rusiya da bölüşür. Rusiya Xarici İşlər Nazirliyi bir müddət əvvəl “Ağ dəbilqəlilər”in fəaliyyətini Suriya hakimiyyəti əleyhinə informasiya kampaniyasının bir elementi adlandırmış, o cümlədən 2018-ci ilin aprel ayında baş vermiş provokasiyaya görə bu təşkilatın məsuliyyət daşıdığını bildirmiş, Qərbin Suriya hakimiyyətinin kimyəvi silahdan istifadə etməsi səbəbindən ona məxsus hərbi hissələrə zərbələr endirməyə bu təşkilatın bəhanə verdiyini açıqlamışdı.