Özbəkistanda 10 ildən çoxdur ki, bloklanmış olan bir neçə sayta qarşı qadağa aradan qaldırılıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ötən həftədən etibarən hakimiyyət hüquq müdafiəsi təşkilatlarının və rejimi tənqid edən xarici ölkə mediasının saytlarına girişi bərpa edib.
ATƏT artıq bu qərarı alqışlayıb. Amma bu, Özbəkistan hakimiyyətinin görüntü üçün atdığı addım da ola bilər, çünki bəzi müxalifyönlü saytlar və xəbər portallarına hələ də blok aradan qaldırılmayıb.
Məsələn, Azadlıq radiosunun Özbəkistan xidmətinin saytı blokdan çıxarılmayıb.
"Özbəkistanda artıq hər şeyin normal olduğunu demək doğru olmazdı. Amma İslam Kərimovun dövrü ilə müqayisədə və ya üç il bundan əvvəlki vəziyyətə nisbətən daha azadıq. Həm jurnalistlər, həm də indi daha çox tənqidi material dərc edən oxucular xeyli sərbəstləşiblər, sosial şəbəklərdə görünməmiş aktivlik var" - BBC Özbəkistan xidmətinin baş redaktoru Xayrullo Fayz belə deyir.
2016-cı ildən bu yana Özbəkistan hakimiyyəti liberallaşma yönündə addımlar atmağa davam edir: siyasi əfv elan edilib, turizmin inkişafına şərait yaradılıb, xarici investisiyaların cəlb edilməsi üçün işlər görülür.
Bu ilin aprel ayında ATƏT-in KİV-də azadlıq məsələləri üzrə nümayəndəsi Harlem Dezir Özbəkistan hakimiyyətini saytlar üzərindəki qadağanı aradan qaldırmağa, informasiyanın əldə olunması və ifadə azadlığını tənzimləyən normativ aktları dəyişməyə çağırıb.
Mayın 10-da İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri Komil Allamjonov BBC Özbəkistan xidmətinin, "Deutsche Welle" telekompaniyasının, "Amerikanın səsi" radiosunun, "Eurasianet.org" , "AsiaTerra", "Fergana" və digər media qurumlarının, o cümlədən, "Sərhədsiz Reportyorlar", "Amnesty International" və "Human Rights Watch" təşkilatlarının saytlarına girişin bərpa edildiyini bildirib.
Allamjonov qeyd edib ki, bu saytları "texniki problemə görə" açmaq mümkün olmayıb və hazırda bu problemlər aradan qaldırılıb.
Özbəkistan hakimiyyəti bir sıra xəbər portallarını və analitik onlayn resursları 2005-ci ildən etibarən bloklamağa başlayıb.
O zaman bir çox Qərbi Avropa ölkələri, ABŞ və beyəlxalq hüquq müdafiəsi təşkilatları Əndican əyalətində baş vermiş qarşıdurmada Özbəkistan hakimiyyətinin fəaliyyətini kəskin tənqid etmişdi. Həmin hadisədə təxminən 200 nəfər həlak olmuşdu.