15 İyun 2019 11:26
2 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qum Şəhər İslami İrşad İdarəsi əcnəbi adların dəyişdirilməsi bəhanəsi ilə şəhərdə mağazaların Azərbaycan dilində olan adlarını farscaya dəyişdirmək istəyir. Bununla bağlı Qum İslami İrşad İdarəsinin rəisi Musa Hüseyni Kaşani xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, o deyib:

“Əcnəbi söz və adların qadağan olunması ilə əlaqədar 1996-cı ildə qərar qəbul olunub, lakin ciddi şəkildə həyata keçirilməyib. 1999-cu ildə isə şəhərdəki meydanlar və ümumi məkanların adlandırılmasına nəzarət işi şəhər şurasına tapşırılıb. Qanundakı boşluqlara yenidən baxıldıqdan sonra yaxın zamanda ticarət obyektlərinin əcnəbi adları fars sözləri ilə dəyişdiriləcək, şəhərdə əcnəbi dillərdə olan bütün lövhələr yığışdırılacaq”.

Musa Hüseyni Kaşani vurğulayıb ki, əcnəbi dildə yazılan lövhələrin yığışdırılması ilə bağlı İslami İrşad İdarəsi məsuliyyət daşıyır:

“Bildirmək istəyirəm ki, ilk növbədə mağaza sahiblərinə xəbərdarlıq ediləcək, növbəti mərhələdə adı əcnəbi dildə olan ticarət obyektləri möhürlənəcək”.

İslami İrşad İdarəsinin rəisi Bələdiyyə İdarəsinin yardımı ilə təklif olunacaq 6 üsulla 6 ay ərzində sözügedən lövhələrin bütün şəhərdən yığışdırılacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Qum əhalisinin böyük hissəsi azərbaycanlı olduğu üçün şəhərdə iş yerləri və ticarət obyeklərinin adlandırılmasında Azərbyacan adlarına üstünlük verilir. İran hakimiyyəti şəhərdən Azərbaycan kimliyini silib və onu unutdurmaq üçün müxtəlif üsullardan, o cümlədən adların dəyişdirilməsindən istifadə edir. Bu siyasət Güney Azərbaycanın bütün şəhər və kəndlərində müşahidə olunur.


Müəllif: Səxavət