24 İyun 2019 16:22
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

“CHP-nin namizədi Əkrəm İmamoğlunun İstanbulda keçirilən bələdiyyə seçkisini qazanması, Prezident Rəcəb Tayyib Ərdoğanın nüfuzuna mənfi təsir etməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Kahramanmaraş Universitetinin professoru, azərbaycanlı politoloq Toğru İsmayıl deyib.

Türk KİV-ə açıqlama verən politoloq hesab edir ki, müxalifətin seçkidə qalib gəlməsi Ərdoğanın daxili reytinqini yüksəldə bilər:

“Əlbəttə, müxalifət önəmli bir seçkini qazandı. Lakin düşünürəm ki, bu həm də, Ərdoğanın qarşısında yeni yol açacaq, öz iqtidarını gücləndirmək üçün fürsət yaradacaq. Buna görə də, bələdiyyə seçkilərinin nəticəsi iqtidar partiyasının lideri olaraq, Ərdoğanı motivasiya etməlidir, bu, dəyişiklik gənclərin diqqətini cəzb edəcək.

Ərdoğan uzun zamandır iqtidardadır, tənqidlərə baxmayaraq, müxalifət üzərindəki nüfuzunu gücləndirməyi bacardı. Ərdoğan təcrübəli siyasətçidir və öz xarakterini itirmədi. Türkiyə onsuz da, prezident idarəetmə sisteminə keçib və bələdiyyənin səlahiyyətləri o qədər də önəmli deyil”.

Dünən İstanbulda keçirilən bələdiyyə seçkisində müxalifət partiyası CHP-nin namizədi Əkrəm İmamoğlu qalib gəlib. O, bu prosesdə iqtidarda olan AKP-nin namizədi Binəli Yıldırımı məğlub edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər