Avstriyanın Ədliyyə naziri Klemens Yabloner beynəlxalq axtarışda olan ukraynalı oliqarx Dmitri Firtaşın ABŞ-a ekstradisiya edilməsinə razılıq verib.
Avstriya Ali Məhkəməsinin 25 iyul tarixli qərarını təsdiqləyən nazir qərarın iyulun 22-dən etibarən icrasına icazə verib. Bununla da D.Firtaşın ABŞ-a ekstradisiyası ilə bağlı hüquqi çəkişmədə növbəti mühüm addım atılıb.
Avstriya mətbuatının verdiyi məlumata görə, belə bir siyasi qərara hazırlıqlı olan D.Firtaşın vəkilləri də mümkün hüquqi gedişlərdən birinə əl atıblar. Oliqarxın vəkili, Avstriyanın keçmiş Ədliyyə naziri Diter Böhmdorfer səlahiyyəti üzrə bu məsələyə baxan Vyana məhkəmələrindən birinə məhkəmə işinə yenidən baxılmasına dair vəsatətlə müraciət edib. Bu vəsatətə baxmalı olan məhkəmə ekstradisiya haqqında qərarın icrasını müvəqqəti olaraq dayandırıb. Ədliyyə Nazirliyindən bildiriblər ki, müdafiə tərəfi öz vəsatətinə həddən artıq geniş materiallar da əlavə edib. Müdafiə tərəfi bu materiallarla Firtaşın Hindistanda heç bir cinayət əməli törətmədiyinə dair kifayət qədər dəlillərin təqdim etdiyini və ABŞ-ın onun mandantına qarşı sırf siyasi motivli həbs qərarında maraq göstərdiyinə aid sübutlar topladığını bəyan edib.
Qeyd edək ki, 2014-cü ildə ABŞ-ın ədliyyə orqanları D.Firtaşı Hindistanda ən azı 18,5 milyon dollar məbləğində rüşvət ödəyərək qeyri-azad rəqabət şəraitində titan biznesi ilə məşğul olmaqda ittiham edib və onu beynəlxalq axtarışa verib. D.Firtaş bu iddiaları rədd etsə də, 2014-cü ildə Avstriyada həbs edilib. Rekord məbləğdə - 125 milyon avro təzminat qarşılığında sərbəst buraxılan, lakin Avstriyanı tərk etməsinə qadağa qoyulan iş adamının ABŞ-a təhvil verilməsinə dair hüquqi məsələ illərlə müxtəlif instansiyalardan keçib. Vyana Əyalət Məhkəməsi onun ABŞ-a ekstradisiyasına icazə versə də, Yuxarı Əyalət Məhkəməsi siyasi motivləri əsas gətirərək bu icazəni ləğv edib. Artıq Ali Məhkəmənin qərarı ilə hüquqi müstəvidə ən son instansiya da öz sözünü deyib.
Müdafiə tərəfinin hazırkı vəsatəti müsbət nəticə verməzsə, Firtaşın vəkillərinin şikayət vermək və bununla da ekstradisiya prosesini növbəti hüquqi vasitə ilə təxirə salmaq imkanına malikdirlər.
/Azərtac/