19 İyul 2019 22:19
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç və Böyük Britaniya yeni altıncı nəsil qırıcı təyyarələrinin hazırlanması üzrə əməkdaşlığa başlayırlar.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin Müdafiə nazirləri tərəfindən imzalanan razılaşma bu gün dərc edilib.

İki ölkə hökuməti arasında bağlanan saziş 10 il ərzində qüvvədə olacaq. 2020-ci ilin payızında bu prosesin növbəti addımı üçün qərar qəbul ediləcək. Müdafiə naziri Piter Hultkvistin sözlərinə görə, İsveç hökuməti əvvəldən layihəyə bir neçə yüz milyon dollar yatırıb. Gələcəkdə layihə mövcud olan pul vəsaiti çərçivəsində maliyyələşdirilməlidir.

Hazırda İsveç hərbi hava qüvvələri ölkənin müdafiə sənayesinin nəhəngi sayılan “SAAB” şirkətinin istehsal etdiyi “JAS 39 Gripen” qırıcılarına malikdir. Plana əsasən, gələn ildən başlayaraq, ölkənin hərbi hava qüvvələrinə 60 ədəd yeni “JAS 39 Gripen” qırıcılarının təkmilləşdirilmiş modeli çatdırılacaq. İsveçin Müdafiə naziri qeyd edir ki, “JAS 39 Gripen” İsveç qırıcıları 2040-cı ilədək sırada olacaq.

Hazırda Böyük Britaniyanın hərbi hava qüvvələrində “Eurofighter Typhoon” qırıcılarından istifadə edilir. Lakin bu yaxınlarda “Tempest” adlı yeni döyüş maşınının işlənib hazırlanması üzrə planlar barədə bəyan edilib. “BAE Systems”in bir sıra iri şirkətlərlə müştərək hazırlayacağı yeni təyyarə qırıcıların altıncı nəslinə aid ediləcək və bir çox unikal xüsusiyyətlərə, o cümlədən süni intellektdən geniş istifadəyə malik olacaq. Plana müvafiq olaraq, yeni qırıcı təyyarə 2040-cı ildə istismara buraxılacaq və beləliklə də İsveç gələcəkdə yaradılacaq döyüş təyyarəsinin layihəsində hazırda tərəfdaş qismində çıxış edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər