1 Avqust 2019 09:01
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə erməni terrorçusu Hampiq Sasunyanın vaxtından əvvəl şərti azadlığa buraxılmasının qarşısını alıb.

Teleqraf.com xatırladır ki, Sasunyan Erməni Soyqırımı Ədalət Əsgərləri terror təşkilatının üzvüdür, 1982-ci ildə Türkiyənin Los-Anceles baş konsulu Kamal Arıkanı şəhid edib.

Baş konsulu şəhid etdikdən sonra yaxalanan və ömürlük həbsə atılan Sasunyan hazırda Kaliforniyada həbsdə yatır. Terrorçu Kaliforniyada bu kimi cinayətlərlə bağlı həbsinin 25 ilini çəkdiyi üçün 2007-ci ildən şərti azadlığa çıxmaq hüququndan istifadə etmək imkanlarına malikdir.

Türkiyə Xarici İşlər Nazirliyinin cəhdləri nəticəsində Sasunyanın 2006, 2010, 2013 və 2015-ci illərdə şərti azadlığa çıxmaq tələbi rədd edilib. Hətta Ankaranın təkidi nəticəsində terrorçunun 2016-cı ilin aprelində yenidən şərti azadlığa çıxmaq tələbi gündəmdən çıxarılıb.

Nəhayət, 2018-ci il iyulun 29-da terrorçunun şərti azadlıq tələbi öncəsi xarici işlər naziri Mövlud Çavuşoğlu və ədliyyə naziri Əbdülhəmid Gül amerikalı həmkarları ilə apardıqları müzakirələrdən sonra Şərti Təxliyə Təşkilatı erməni terrorçusunun cəmiyyət üçün təhlükə yaratmaqda davam etdiyini əsas gətirərək şərti azadlıq tələbini rədd edib.

Son olaraq bəlli olub ki, Kaliforniya Şərti Təxliyə Təşkilatı mayın 30-da Türkiyəyə məktub göndərərək Sasunyanın normalda 2021-ci ilin iyulunda gözlənilən şərti azadlığa çıxma toplantısının daha tez bir vaxtda keçirilməsi tələb etdiyini bildirib. Qurum terrorçunun tələbinə dair qərar verməzdən öncə Türkiyənin fikirlərini öyrənmək istəyib.

Türkiyə XİN isə iclasın daha tez tarixə təyin edilməsi tələbinin əsaslı olmadığını iyulun 27-də Kaliforniya Şərti Təxliyə Təşkilatına çatdırıb.

Ən son xəbərə görə, Kaliforniya Şərti Təxliyə Təşkilatı Sasunyanın tələbini rədd edib və terrorçunun məsələsinə 2021-ci ilin iyulunda baxıla biləcəyini elan edib.

Xatırladaq ki, türk diplomatı Kamal Arıkanı erməni terrorçuları Hampiq Sasunyan və Qriqor Saliba 1982-ci ilin 28 yanvarında şəhid edib. Yaxalanan Sasunyan barədə ömürlük həbs qərarı çıxarılıb. Qriqori Saliba isə yoxa çıxıb.

Sonradan Salibanın Livanda vətəndaş müharibəsi zamanı öldürüldüyü iddia olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər