1 Avqust 2019 09:15
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkisi də zəncidir, Afrika kökənlidir, biri kubalıdır, biri amerikalı… Lakin onlardan yalnız birinin arzusu reallaşıb, kosmosa uça bilib, digəri isə kosmonavt olmaq istəyindən imtina edib, yaratdığı heykəllərlə irqçiliyə qarşı mübarizə aparıb.

Teleqraf.com məşhur kosmonavtlar Arnaldo Tamayo Mendez (kubalı) və Ed Duayt (amerikalı) haqda məlumatları təqdim edir.

Arnaldo Mendez

Mendez 1942-ci ildə doğulduğu gün kimsəsiz uşaqlar evinə verilib, lakin bir il sonra bir fəhlə ailəsi onu övladlığa götürüb.

1959-cu ildə Fidel Kastronun Kubada Batista rejiminə qarşı başladığı inqilaba qatılıb, inqilabçı gənclər təşkilatlarının sıralarında fəaliyyət göstərib. Buna baxmayaraq, təyyarəçiliyin sirlərini öyrənmək üçün məktəbə daxil olmağa vaxt tapıb, 1961-ci ildə Kuba İnqilabçı Hava Qüvvələrinin pilotu olub.

Beləliklə, 19 yaşında pilot olan Mendez SSRİ tərəfindən həyata keçirilən “İnterkozmos” kosmos layihəsinin Kuba təmsilçisi seçilib.

1978-ci ildə SSRİ-də təhsil almağa başlayan Mendez və sovet kosmonavtı Yuri Romanenko “Soyuz 38” raketi ilə 1980-ci il sentyabrın 18-də Baykonur bazasından kosmosa qalxıb.

“Salyut-6” stansiyasında müşahidələr aparan kosmonavtlar 7 gün sonra geri qayıdıb. Kosmosa gedən ilk latın amerikalı və zənci kosmonavt olan Mendez Kuba və SSRİ qəhrəmanı elan edilib. Mendez bu gün Kuba parlamentinin millət vəkilidir.

Ed Duayt Jr

Ed Duayt Jr 1933-cü ildə Kanzas ştatında doğulub. Atası “Kansas City Monarchs” klubunda oynayan məşhur beysbol oyuncusuydu. Kiçik yaşlarından araşdırma və uçmağa maraq göstərən Duayt 1951-ci ildə Kanzas Bişop Vard məktəbinə daxil olub. Bundan sonra Kanzas kollecində təhsilinə davam edən Ed 1953-cü ildə ABŞ Hərbi Hava Qüvvələrinə qatılıb.

Təhsilini bitirərək 1955-ci ildə baş leytenant rütbəsi ilə pilot kimi Arizonadakı Uilyams hərbi bazasında yeni vəzifəsinin icrasına başlayıb. Həmin dönəmdə Arizona Universitetində təyyarəçilik təhsilini alan Ed 1961-ci ildə kapitan rütbəsi alıb.

Ed Duayt 1961-ci il noyabrın 4-də dönəmin ABŞ Prezidenti Con Kennedi tərəfindən yazılan bir məktubla Amerikanın ilk zənci kosmonavtı kimi təhsil almağa başlayıb. Təhsili davam etsə də, NASA onu kosmonavt seçməkdən imtina edib.

1966-cı ildə NASA və ordu daxilində irqçi təzyiqlərə məruz qalaraq vəzifəsindən istefa verib.

Bundan sonra əmlak işləri ilə məşğul olan Duayt irqçiliyə qarşı mübarizəyə başlayıb. Bu məqsədlə incəsənətə meyil göstərən keçmiş kosmonavt irqçiliyi pisləyən heykəllər yolur. Bu gün ABŞ-ın bir çox şəhərinə onun hazırladığı heykəllər qoyulub.


Müəllif: Mənsur Rəğbətoğlu