Polis Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahının yaxınlığında iki basqınçını saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “47news” portalı məlumat yayıb.
Portalın yazdığına görə, iyulun 30-da Mironeqi kəndində içərisində Dağıstan əsilli iki şəxsin olduğu Sankt-Peterburq nömrəli “Daewoo Gentra” markalı minik avtomobili saxlanılıb. İlkin məlumatlara görə, onlar Leninqrad vilayətinin Bolotnitsa kəndindən 80 kilometr uzaqlıqdakı Tyutitsi kəndindəki yanacaqdoldurma məntəqəsinə basqın ediblər.
Polis Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci bəndi (Silahdan istifadə etməklə soyğunçuluq) ilə cinayət işi açıb. Cinayətkarları 10 ilə qədər həbs cəzası gözləyir. Artıq basqın edənlərdən birinin soyğunçuluğa görə şərti cəzası olduğu qeyd olunub.
Mironeqi kəndi Rusiya Prezidentinin iqamətgahı olan Valday şəhərinin yaxınlığında yerləşir. İqamətgah 1930-cu illərdə İosif Stalin üçün inşa edilməyə başlanıb. Müxtəlif dövrlərdə burada yüksək çinli partiya mənsubları dincəlib.
Hazırda kompleks “Valday” İstirahət Evi adlanır və Prezidentin İşlər İdarəsinə daxildir.