“Vaşinqtonda Səudiyyənin neft obyektlərinə hücumlara görə İranın məsuliyyət daşıdığını ifadə edən kəşfiyyat məlumatları var”.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
ABŞ kəşfiyyatının məlumatına görə, İranın Səudiyyə Ərəbistanındakı “Saudi Aramco” neft şirkətinin obyektlərinə hücumu dağıdıcı zərbə üçün tramplin rolunu oynayacaq.
Nəşr yazır ki, bu hücumlardan sonra Vaşinqton və Ər-Riyad İrana qarşı qisas hücumlarının mümkünlüyünü düşünür.
Nəşr eyni zamanda vurğulayır ki, Səudiyyə Ərəbistanı hələlik İrana qarşı hansı addımı atacağı barədə qərar qəbul etməyib, krallığın nümayəndələri bu məsələdə Amerika tərəfinin verdiyi məlumata arxalanır.
Sentyabrın 15-də gecə saatlarında Səudiyyə Ərəbistanın “Saudi Aramco” neft müəssisələrinə 10 Pilotsuz Uçan Aparat (PUA) vasitəsilə hücum təşkil edilib. Bunun məsuliyyətini Yəmən Hüseynçi üsyançıları - “Ənsar Allah” öz üzərinə götürüb.