9 Noyabr 2019 09:16
1 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

14 yaşlı Leonor de Borbonun öz yaşıdlarının xəyalından belə keçirə bilməyəcəyi məsuliyyəti var. Tay-tuşlarından fərqli böyüyən şahzadə vaxtı gələndə İspaniyanı idarə edəcək.

Teleqraf.com xəbər verir ki, azyaşlı şahzadənin atası hazırda İspaniya kralı olan VI Filipdir.

Şahzadə Leonor İspaniya taxtının gələcək varisidir. Bu səbəbdən 14 yaşlı qız adi bir uşaq deyil, eyni zamanda ölkəsinin önəmli siyasi fiquru kimi yaşından böyük işlər görmək məcburiyyətindədir. Bunun son nümunələrindən biri sərt şəkildə tənqid olunan atası Filipi müdafiə etməsidir.

Şahzadə İspaniyanın gələcək kralı kimi yetişdirilir. Tribunalara çıxaraq çıxışlar edir, tədbirlərdə mükafatlar verir. Bəzi hallarda isə ölkəsinə gələn rəsmi qonaqları qarşılayır. Dünya ictimaiyyəti indidən ona öyrəşir. Vaxtının çoxunu gələcəkdə yerini ona verəcək atası ilə birlikdə keçirir.

Bukingem Sarayının xanımlarının rəqibi

Avropanın ən çox maraq göstərilən kral ailəsi Londonda yaşayır. Amma bir neçə il sonra Bukingem Sarayının xanımları ciddi bir rəqiblə qarşı-qarşıya qalacaq. Hersoginya Meqanın iki güclü rəqibi olacaq. Çünki İspaniya kraliyyət ailəsinin iki kiçik şahzadəsi var: şahzadə Leonor və bacısı Sofiya. Yəni İspaniya Kralı Filipp və kraliça Letiziyanın qızları…

“Disney şahzadəsi” ləqəbli Leonor Barselonada keçirilən mükafatlandırma mərasimində kəskin tənqidlərə məruz qalan atasını müdafiə edərək hər kəsin diqqət çəkdi.

O, Barselonada 51 yaşlı VI Filipə yönəlmiş etirazlara belə cavab verdi:

“Çox kiçik yaşda olan valideynlərimiz bizə Barselona haqda danışdılar. Katalon tarixi və mədəniyyəti haqda daha çox şey öyrətdiyi üçün onlara təşəkkür edirəm. Kataloniya həmişə ürəyimdə özəl bir yerdədir”.

Mərasimdə Leonorla yanaşı ailə üzvləri - 12 yaşlı bacısı Sofiya, anası Letiziya və atası Kral Filip də iştirak edirdi.

Əsilzadə ailədən gəlməyən Letiziya

İspaniya kral ailəsinin Barselona səfəri əsnasında monarxiya sisteminə etiraz aksiyaları baş qaldırmışdı. Polis səfərin gərginlik yaratmaması üçün xüsusi təhlükəsizlik tədbirləri görmüşdü.

Əslində bu səfərin gərginlik yaratması kraliça Letiziya Ortizlə bağlıdır. Çünki Letiziya əsilzadə bir ailədən gəlmir. Kral Filipə ərə gəlməmişdən əvvəl evlənib boşanmışdı. Amma aralarındakı məhəbbət əngəl tanımadı. Bu baxımdan, xanım Letiziya Bukingem Sarayına gəlin gedən amerikalı model Meqanı xatırladır.

Cütlük 2004-cü ildə dəbdəbəli bir mərasimlə evləndi. Bu evliliyin ilk “meyvəsi” isə şahzadə Leonor idi, yəni İspaniya taxtının gələcək varisi…


Müəllif: Mənsur Rəğbətoğlu