Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü toplantısına qatılmaq üçün getdiyi Budapeştdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti “Sülh çeşməsi” əməliyyatının davam edib-etməyəcəyinə dair sualı cavablandırarkən deyib:
“Mütləq davam edəcək. Sonuncu terrorçu bölgəni tərk etmədikcə biz bu işi buraxmarıq. Bu işin bir tərəfidir. İkincisi, digər ölkələr buradan çıxmadıqca biz buradan çıxmarıq. Biz Suriyanın birliyinə, bərabərliyinə və ərazi bütövlüyünə tərəfdarıq. Parçalanmasını qətiyyən istəmirik. Əgər digər ölkələr də buna tərəfdardılarsa, onların da bunu sübut etmələri lazımdır. Onlar isbat edəndən sonra bizdən bunun isbatını istəyə bilərlər. Onların heç birinin burada sərhədi yoxdur, amma bizim var. Suriya ilə qərbdən başlayaraq şərqədək 911 kilometr sərhədimiz var. Ancaq burada nə Rusiyanın, nə ABŞ-ın, nə də İranın sərhədi mövcud deyil. Yalnız İraqın bir az sərhədi var. Bizim Adana razılaşması kimi bir sənədimiz var. Bu terror təşkilatları təmizlənmədikcə Adana razılaşmasının bizə verdiyi imkanla bölgədəki tədbirlərimizi davam etdirəcəyik”.
Təhlükəsiz bölgə mövzusunda görüşdüyü liderlərdən istədiyi dəstəyi əldə edə bilmədiyini söyləyən Ərdoğan bildrib ki, tamamilə Türkiyənin nəzarətində olan Tel Abyad və Rəsulaynda bölgənin uzunluğu 120, eni 30-32 kilometrdir:
“Deyirik dəstək verin, burada qaçqınlar üçün bir şəhərcik və ya pilot bölgə yaradaq. Biz bu layihə üzrə çalışmalara nail olana qədər hazırlıq gördük. Görüşdüyüm bütün liderlərə də bunları anladıram”.