14 Noyabr 2019 11:09
2 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Liderlər Ankara-Vaşinqton xəttində ortaya çıxan problemləri həll edə bilmədi”.

Teleqraf.com xəbər verir ki, ABŞ və Türkiyə prezidentləri arasında baş tutan görüş haqda məlumat verən “Röyters” belə yazıb.

Agentlik qeyd edib ki, prezidentlər görüşdən sonra Türkiyənin Suriyada ABŞ-ın müttəfiqi kürdlərə yönəlik əməliyyatları və Ankaranın Rusiyadan ”S-400” hava hücumundan müdafiə sistemləri alması kimi bir çox məsələlərin həllinə dair açıqlama verməyib.

ABŞ lideri Trampın “S-400”-lərdən imtina etməsi üçün türk həmkarı Ərdoğana təzyiq etdiyini iddia edən nəşr qeyd edib ki, görüşdən sonra Ağ Evdən verilən açıqlama sərt xarakterdə idi.

Ağ Evin açıqlamasında “Digər məsələlərin həllinə şərait yaratmaq üçün Türkiyənin Rusiyadan “S-400” sistemləri alması ətrafında yaranan anlaşılmazlığın aradan qaldırılması ciddi əhəmiyyət kəsb edir” ifadəsinə yer verilib.

Siyasi gərginliyə baxmayaraq, Trampın Ərdoğanı isti qarşıladığını vurğulayan “Röyters” bu vəziyyətin Suriya əməliyyatlarına görə Konqresdə Türkiyəyə qarşı yaranmış qəzəbə zidd olduğunu yazıb.

Nəşr Dövlət Departamentinin bir rəsmisinin Suriya Demokratik Qüvvələri ilə bağlı açıqlamasını xatırladıb və qeyd edib ki, prezidentlərin görüşündən əvvəl adı açıqlanmayan dövlət yetkilisi Vaşinqtonun kürdlərə dəstəyini davam etdirəcəyini vurğulayıb.

“Röyters” iki liderin görüşündə konqresmenlərin iştirakına da diqqət çəkib.

Türkiyənin Suriyadakı əməliyyatlarına qarşı olan və Ankaraya sanksiya layihəsinin memarlarından biri senator Lindsey Qraham Ərdoğanın görüşdə səmimi və açıq danışdığını deyib:

“Bu əlaqələrin bərpa olacağına ümid edirəm, amma bunun mümkün olub-olmayacağını zaman göstərəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu