20 Noyabr 2019 16:05
2 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda beşinci gündür benzinin bahalaşmasına etiraz olaraq başlayan kütləvi nümayişlər davam edir.

Teleqraf.com xəbər verir ki, etirazların ikinci günündə ölkə miqyasında kəsilən internet hələ də bərpa olunmayıb.

Məlumata görə, etirazların baş verdiyi bütün bölgələr İranın təhlükəsizlik orqanları tərəfindən nəzarətə götürlsə də, nümayişlərin qarşısını almaq mümkün deyil.

Məaliabad bölgəsində etirazların davam etdiyi və təhlükəsizlik orqanlarının etirazçılara odlu silahlardan atəş açdığı deyilir. Bölgədə avtomobillər və dövlət qurumlarının yerləşdiyi bir sıra binaların yandırıldığı bildirilir.

Etirazlar paytaxt Tehranla yanaşı, Mazandaran, Sənəndəc və Güney Azərbaycanın Zəncan şəhərində də davam edir. Bölgələrdə məktəblərin bağlanıldığı, polis qüvvələrinin bütün məhəllələri nəzarətə götürdüyü və onlarla şəxsin həbs olunduğu deyilir.

Kirmanşahda isə etirazçılar bir neçə bankı yandırıb. Şəhərə mülki geyimli şəxslər və təhlükəsizlik qüvvələrinin yerləşdirildiyi bildirilir.

Güney Azərbaycanın Urmiya şəhərindən gələn məlumatlara görə, hərbçilər, təhlükəsizlik qüvvələri və polislər şəhəri mühasirəyə alıb. Zirehli texnikalar şəhərdə xidmətə başlayıb. Sakinlərin küçələrə çıxmasının qarşısını almaq üçün polis havaya odlu silahlardan atəş açır.

İlam əyalətində isə axşam saatlarında İslami Təbliğat Təşkilatının bölgədə yerləşən idarəsinin önündə İranın dini lideri Əli Xameneyinin şəkili olan plakata od vurulduğu, nəticədə idarənin binasının yandığı iddia edilir.

Xuzistan əyalətində də qarşıdurmalar yaşanıb. Ötən gecə bölgədə keçirilmiş nümayişlər zamanı 8 nəfərin öldürüldüyü deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər