“Abxaziya Respublikasının Prezidenti Raul Xadjimba istefa verməyəcək, o, danışıqları çıxış yolu kimi görür”.
Teleqraf.com xəbər verir ki, bu barədə qondarma respublika başçısının administrasiyası rəhbərinin birinci müavini Dmitri Şamba açıqlama ilə çıxış edib.
Onun sözlərinə görə, parlamentin müraciəti yalnız vəziyyəti çətinləşdirə və geridönməz nəticələrə səbəb ola bilər:
“Ümummilli razılaşma əldə etmək və sabitliyi qorumaq üçün prezident bütün məsələlərin danışıqlar masasında müzakirə edilməsini vacib sayır”.
Bundan əvvəl Abxaziya parlamenti ölkədəki vəziyyəti sabitləşdirmək üçün istefası təklifi ilə dövlət başçısına müraciət edib. Müdafiə naziri Mirab Kişmariya hazırkı hakimiyyəti və müxalifəti “geridönməz nəticələrin” qarşısını almaq üçün güzəştə getməyə çağırıb.
Yanvarın 9-da etirazçılar Abxaziya liderinin administrasiyasının binasına giriblər. Onlar məhkəmənin müxalifətçi, prezident seçkilərində məğlub olan Alxas Kvitsininin işinə baxmasının, eləcə də 2019-cu ilin noyabrında Suxumidə baş verən atışmanın istintaqını araşdırılmasının vəziyyətindən narazıdırlar.