“İranlı general Qasım Süleymaninin öldürüləcəyini əvvəlcədən ABŞ Prezidenti Donald Trampdan başqa bir nəfər siyasi lider də bilirdi”.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “NBC” telekanalı məlumat yayıb.
Ağ Evdəki diplomatik mənbəyə istinadən məlumat yayan “NBC” Süleymani sui-qəsdində ABŞ-ın İsrail kəşfiyyatından yardım aldığını iddia edib:
“Suriyanın paytaxtı Dəməşqdəki hava limanındakı agentlərindən gizli məlumatlar alan CIA Bağdada uçan təyyarədə iranlı general Qasım Süleymaninin olduğunu bilirdi. İsrail kəşfiyyatından alınan məlumat da generalın bu təyyarədə olduğunu təsdiq etdi.
Tamamilə ABŞ ordusunun nəzarətində olan İraqın hava sahəsində heç bir problemlə üzləşməyəcəyini bilən üç Amerika PUA-sı öz mövqeyini tutdu. Hər biri raket başlığı ilə təchiz olunmuşdu”.
“NBC” sui-qəsd planına ABŞ-ın Qətərdəki hərbi komandanlığının nəzarət etdiyini bildirib. Əməliyyata həmçinin birbaşa Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Gina Haspel və müdafiə naziri Mark Esperin birbaşa nəzarət etdiyi vurğulanıb. Sui-qəsdin baş verdiyi vaxt isə Prezident Donald Tramp Floridada tətildə olub.
“Nyu-York Tayms” qəzeti isə İsrail Baş naziri Binyamin Netanyahunun ABŞ Dövlət katibi Mayk Pompeo ilə danışdığını, bu sui-qəsdi əvvəlcədən bilən yeganə əcnəbi lider olduğunu bildirib.
“Time of Israel” qəzeti isə yanvarın 3-də plan həyata keçirilməmişdən bir neçə saat əvvəl Pompeonun Netanyahu ilə görüşdüyünü yazıb.
“Time of Israel” “NBC” telekanalının İsrail kəşfiyyatının sui-qəsdə rolunun olduğuna dair iddiasına belə cavab verib: “Telefon danışığından bir gün sonra Yunanıstana gedən Netanyahu bölgədə gözlənilməz proseslərin olacağını bildirdi”.
İsrail nəşri Netanyahunun bu açıqlamasından bir neçə saat sonra Qasım Süleymaninin Bağdadda qətlə yetirildiyini qeyd edib.