ABŞ İraq ərazilərinə “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdirmək üçün rəsmi Bağdaddan icazə ala bilmir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper açıqlama verib.
Esper ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Mark Milleylə görüşdə bölgədəki son vəziyyət haqda danışıb:
“İraq ərazilərinə hava hücumundan müdafiə sistemləri yerləşdirə bilmək üçün Bağdadın icazəsi olmalıdır. Bu məsələni həmkarlarımızla müzakirə edirik. Sistemləri dislokasiya edəcəyimiz bölgə məlumdur, amma bundan əvvəl İraq hökuməti buna icazə verməlidir”.
Rusiya və Çinin Afrikadakı hərbi qüvvələrini artırmasından sonra ABŞ-ın sözügedən bölgədən çəkiləcəyi haqda iddiaya cavab verən Esper deyib: “Afrikadan tamamilə çəkilməyəcəyik, amma hərbi qüvvələrin sayının azadılması məsələsi nəzərdən keçirilir”.
ABŞ hökuməti İran ordusunun Amerikanın İraqdakı hərbi bazalarına raket zərbələri endirməsindən sonra bu ölkə ərazilərinə zenith-raket kompleksləri göndərmək haqda qərar verib.