Milli Səhiyyə Komissiyasının (NHC) verdiyi açıqlamaya görə, Çində koronavirusdan (2019-nCoV) ölənlərin sayı 425-ə çatıb. Virusa yoluxan 20438 nəfərdən 2788-nin vəziyyəti ağırdır.
Teleqraf.com xəbər verir ki, virus daşıyıcısı hesab edilən şübhəli şəxslərin sayı 23214, nəzarət altına alınların sayı isə 171329-a çatıb. Evə buraxılan xəstələrin ümumi sayı isə 632 nəfərdir.
Son 24 saat ərzində ölkədə koronavirus epidemiyasında 64 insan həyatını itirib və 3235 nəfərdə virus aşkarlanıb.
Malayziya da Çindən vətəndaşlarını təxliyə edən ölkələr sırasına qatılıb.
Bu ara Çindən koronavirusla bağlı etiraf açıqlamaları eşidilməyə başlanıb. Çin Prezidenti Si Cinpinin sədrliyi ilə keçirilən Siyasi Büronun iclasında virusla mübarizə əsas müzakirə mövzusu olub. Pekin rəhbərliyi fövqəladə idarəetmənin təkmilləşdirilməsi zərurətini vuğulayıb və iclas özünütənqid ruhunda keçib.
Prezident vəhşi heyvanların satıldığı bazarlarda yoxlamaların aparılması göstərişi verib.
Politburo yayılan epidemiyanı “böyük sınaq” adlandırıb, bundan dərs aldıqlarını bildirib. Virusa müdaxilədə çatışmazlıqlarının olduğunu açıq etiraf edən Politburo təcili idarəetmənin təkmilləşdirilməli olduğunu açıqlayıb.
İclasda vəhşi heyvanların qanunsuz ticarətinin ciddi şəkildə qadağan edilməsi qərara alınıb.
Virusun yayıldığının ehtimal olunduğu bazarlarda isə yoxlamaların aparılacağı bildirilib.
Mütəxəssislər Uxan şəhərində ortaya çıxan virusun yarasalardan yayıldığını düşünür.