2020-ci ildə pandemiyadan sonra insanlara və təbiətə ən çox ziyan vuran çəyirtkə istilasının səbəbləri məlum olub.
Teleqraf.com xəbər verir ki, dünyanın müxtəlif ölkələrini "işğal edən” və milyonlarla hektar ərazilərdə məhsuldarlığı məhvə sürükləyən çəyirtkə hücumunun səbəbləri açıqlanıb.
Araşdırmaçılar müəyyən edib ki, güclü çəyirtkə istilasının səbəbi iqlim dəyişikliyindən sonra müşahidə edilən aşırı yağışlar olub. Məhz bu amil çəyirtkələrin ildə 4 dəfə artmasına səbəb olub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Afrika, Pakistan, Rusiya və daha bir neçə ölkə güclü çəyirtkə hücumuna məruz qalıb.
3 aylıq ömrü olan çəyirtkələr ötən və bu il baş verən güclü yağışların səbəbindən ildə 4 dəfə nəsl artımı imkanı əldə edib. Hesablamalara görə, çöl çəyitkələri 20 dəfə çoxalıb.
2020-ci ildə Şərqi Afrikadan Hindistana qədər milyardlarla çəyirtkə yaşayıb. Böyük sürülərə dönüşən bu canlıların hər biri 2 qramdır və 1 gün ərzində ağırlıqları qədər yemək yeyə bilirlər. 100 milyard çəyirtkə hər gün milyonlarla ton qida istehlak edir.
Daha çox taxıl zəmilərini hədəfə alan çəyirtkələr uzun məsafə qət edə bilirlər. Bir sürü çəyirtkə 24 saat ərzində 150 kilometrə qədər hərəkət edə bilir.