12 İyun 2020 19:00
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şurada dindar kəsimi təmsil edən şəxslərin bu qurumdan istefa verməsi başa düşüləndir. Mən bu şəxslərin bəyanatına baxdım. Onların istefası əsasən Avropanın ixrac etdiyi eynicinsililərin fəaliyyəti ilə bağlıdır. İstefa verənlər də buna "yox" demək, Milli Şuranın iclasında bu mövzunun müzakirə edilməsinə etiraz əlaməti olaraq istefa veriblər. Əlbəttə, bu istefa verən şəxslərin şəxsi işidir.

Bu fikirləri Teleqraf.com-a siyasi şərhçi Cümşüd Nuriyev Milli Şurada təmsil olunan İslam Partiyasının sədr müavini Rövşən Əhmədlinin, Müsəlman Birliyi Təşkilatının sədri Hacı Taleh Bağırzadənin, habelə Eldəniz Quliyevin istefası haqqında danışarkən deyib.

Siyasi şərhçi əlavə edib ki, bu şəxslər İslam dininin adət-ənənələrinin Milli Şurada qorunmadığı üçün istefa verdiklərini bəyan ediblər: “Bu, onların şəxsi mövqeyi olsa da, Azərbaycanla bağlı məsələdir. İstefa verənlərin sifariş aldığı o qədər də inandırıcı görünmür. Məncə, sifariş olsaydı, onlar dərhal istefa verməzdilər, əksinə Milli Şurada qalıb vəziyyəti gərginləşdirməyə çalışardılar. Amma bütün hallarda maraqlı bir gedişdir. Qısa zaman kəsiyində bu qədər adam Milli Şuradan getdi. Demək olar ki, son bir ay ərzində Milli Şura çöküb”.

Siyasi şərhçi xatırladıb ki, Milli Şuradan istefa verənlər əslində uzun illər idi ki, bu qurumda fəaliyyət göstərirdilər: “Deməli, Milli Şuranın tutduğu yol, apardığı mübarizə uğursuzdur. Buranı tərk edənlərin heç biri Milli Şurada qalanlardan nüfuzsuz insan deyil. İslamçıların burada olması əslində öz maraqlarına görə idi. Sadəcə Milli Şura özünü doğrultmadığına, ümidlərini istədiyi şəkildə istiqamətləndirmədiyinə, xüsusilə bu qurumun qeybət məclisinə çevrilməsi və Azərbaycana yad dəyərləri müdafiə etdiklərinə görə, insanlar oranı tərk edir. Məncə, istefalara səbəb bu qurumun bəhrəsiz fəaliyyətidir. İnanmıram ki, istefa verənlər haradansa sifariş aldığına görə bu addımları atsın. Bu, daha çox uğursuz və effektsiz fəaliyyətlə bağlıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər