30 İyun 2020 22:42
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Ali Məhkəməsi edam hökmünü ləğv edib.

Teleqraf.com xəbər verir ki, iki təqaüdçünün qətlində ittiham olunan şəxsə elan edilmiş edam cəzası ləğv olunub.

Bundan əvvəl, Belarus məhkəməsi Slutsk vilayətinin sakini, 29 yaşlı Viktor Skrundikin iki təqaüdçünün öldürülməsinə və üçüncü şəxsin həyatına qəsd etməsinə görə ölüm hökmü çıxarıb. Skrundikə respublikanın Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Eyni iş üzrə 25 və 33 yaşlı daha iki kişi, müvafiq olaraq 22 və 18 il müddətinə azadlıqdan məhrum edilib.

Son məlumata görə, Ali Cinayət Məhkəməsi Kollegiyası çərşənbə axşamı günü apelyasiya şikayətini təmin edən və Skrundikə edam hökmünü ləğv edən qərarı elan edib. Belarus Ali Məhkəməsinin mətbuat xidməti bu məlumatı təsdiqləyib.

Cinayət 2019-cu ilin yanvar ayında Minsk vilayətində 84 yaşlı şəxsin evində soyğun zamanı baş verib.

Belarus Avropada edam cəzasının tətbiq olunduğu yeganə ölkədir. 1996-cı ildə onun ləğvi məsələsi ümumxalq səsverməsinə təqdim edilib. Referendumda iştirak edənlərin 80.5%-i fövqəladə cəzanın qorunmasına səs veriblər. Ölüm hökmünün olması Belarusun Avropa Şurası Parlament Assambleyasında iştirakı üçün əsas maneə hesab olunur. Bir sıra beynəlxalq təşkilatlar və insan haqları fəalları rəsmi Minski edam cəzasından imtina etməyə çağırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər