Avstriyada koronavirus pandemiyasına qarşı əldə olunan uğurlu nəticələrə görə məhdudiyyətlərin əksər qismi aradan qaldırıldıqdan sonra ölkədə yoluxma halları yenidən artmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober əhalini yoluxma hallarının vəziyyəti ilə bağlı məlumatlandırmaq üçün işıqfor xəbərdarlıq sistemindən tətbiq ediləcəyini açıqlayıb.
Qış idman növlərinin sevildiyi Alp ölkəsinin sakinləri belə bir sistemi dağlarda qar uçqunları təhlükəsi ilə əlaqədar yaxşı tanıyırlar. Nazir qeyd edib ki, dörd pillədən - yaşıl, sarı, narıncı və qırmızıdan ibarət “koronavirus işıqforu“ həm ümumölkə səviyyəsində, həm də ayrı-ayrı federal əyalətlər üzrə yoluxmanın vəziyyətini əks etdirəcək. Sentyabr ayınadək tam şəkildə tətbiqi başa çatmalı olan sistem əsasında əhali yoluxma təhlükəsinin harada daha yüksək olduğunu biləcək.
Hazırda işıqfor sistemi elmi əsaslar və meyarlarla koronavirus infeksiyasının yayılması vəziyyətinə uyğunlaşdırılır. İşıqforun rəngləri, eyni zamanda, rəsmi qurumlara hansı regionda məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməli və ya yüngülləşdirilməli olduğunda da kömək edəcək.