Nizami Cəfərov: “Kürd liderinin müqayisəsi doğru deyil”
Qabil Hüseynli: “Demirtaş çox böyük qələt edib”
“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının Suriyanın kürdlər yaşayan şəhəri Kobaniyə doğru irəliləməsi Türkiyə üçün problem yaradıb. Belə ki, Türkiyənin qaçqınlara sığınacaq verməsinə baxmayaraq, bəzi silahlı kürd qrupların sərhədi qanunsuz şəkildə keçməsi rəsmi Ankaranın məsələyə müdaxilə etməsi ilə nəticələnib.
Qardaş ölkənin qaçaq kürd qruplara qarşı gücdən istifadə etməsi, PKK-nın siyası qolu olan Türkiyənin Həmrəylik və Demokratiya Partiyası (HDP) başqanı Səlahəddin Demirtaşın etirazına səbəb olub.
Demirtaş Tvitter hesabında yazdığı statusunda, hətta Türkiyənin ölkəyə qanunsuz yollarla keçmək istəyən və əksər hallarda İŞİD-dən qaçan PKK-çılardan ibarət qruplara qarşı gücdən istifadəni Azərbaycanla müqayisə etməkdən belə çəkinməyib: “Kobani deyil, Azərbaycan olsaydı, türk xalqı da sərhədə yığılsaydı, hökumət oradakı türkləri qaz silahları ilə dağıdardımı?”
Xatırladaq ki, Kobanidə İŞİD-in qarşısından qaçan PKK-çılar Türkiyə ərazisinə daxil olaraq bəzi şəhərlərdə iğtişaş törətməyə cəhd ediblər.
Məsələyə münasibət bildirən millət vəkili Nizami Cəfərov bildirib ki, İŞİD terror təşkilatı Türkiyənin cənubunda çox böyük təhlükə mənbəyidir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Türkiyə rəhbərliyi və parlamenti vaxtaşırı fikirlərini bildiriblər: “İndi isə məsələyə daha ciddi yanaşırlar. Çünki İraqda türklərə, xüsusilə türkmənlərə qarşı amansızcasına yanaşma var. Ona görə də Türkiyənin nümayiş etdirdiyi reaksiyalar ayrı-ayrı məsələlərdir. Burada faktiki olaraq, Azərbaycanla bağlı bir məsələ yoxdur. Azərbaycan hər zaman Türkiyə ilə bir yerdədir. Kürd liderinin ümumiyyətlə müqayisəsi doğru deyil”.
N.Cəfərov əlavə edib ki, Türkiyənin yürütdüyü siyasət məlumdur. Onun fikrincə, Türkiyə kürdlərlə bağlı nə qədər lazımdırsa, əlaqələrin sıxlaşdırılması istiqamətində addımlar atır: “Qardaş ölkədə çoxlu sayda kürd vətəndaşları var və onlara münasibət də məlumdur. Burada söhbət kürd yaraqlılarından gedir. O insanlara qarşı ki, onlar əldə silah rəsmi hökumətə, dövlətə nəyisə diqtə etmək istəyirlər. Təbii ki, bunun qarşısı alınmalıdır”.
Politoloq Qabil Hüseynli HDP sədri, kürd lideri Səlahəddin Demirtaşın avantürist bir adam olduğunu deyib. Onun sözlərinə görə, Kobanidə baş verən olaylar da PKK-nın İraqda olan bir qolu ilə bağlı idi: “Belə bir vəziyyətdə Türkiyə PKK-ya yardım göstərməli deyildiki? Həmçinin onun sərhədlərindən kənarda baş verən hadisələrə Türkiyə niyə müdaxilə etməlidir? Dünənə qədər Türkiyəyə silah çevirib, düşmən olan, 35 min vətəndaşını qıran bir dəstəyə Türkiyə necə kömək eləsin? Ona görə də Demirtaş çox böyük qələt edib azərbaycanlıların adını çəkir. O bilməlidir ki, Azərbaycanla Türkiyə arasında səmimi dostluq münasibəti var və Azərbaycan özü belə təcavüzə məruz qalıb. Kobanidə olan PKK-çılar isə əvvəl İŞİD-in tərkibində idilər, indi isə bir-birinə qarşı vuruşurlar. Demirtaşın dediklərinə əhəmiyyət verilməsinin tərəfdarı deyiləm. Eləcə də, ictimai fikir üçün də onun hər hansı bir əhəmiyyəti yoxdur.
Sadəcə olaraq, Demirtaş kürd milliyətçiliyi mövqeyindən çıxış edir və Türkiyə dövlətini də avantüraya çəkilməsini istəyir. Əgər o, Türkiyənin maraqlarını nəzərə alsaydı, belə fikirlər səsləndirməzdi”.
BƏXTİYAR