İranın Məşhəd həbsxanasında saxlanılan, araq içməkdə, alkoqollu içkilər saxlamaqda və sənədsiz avtomobil sürməkdə ittiham olunan məhkum edam edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə məhkumun vəkili Hüseyn Həbibi açıqlama yayıb.
Vəkil deyib ki, onun müvəkkili iyulun 8-də səhər saatlarında Məşhəd həbsxanasında dara çəkilib:
“Müvəkkilim 6-cı dəfə araq içdiyinə görə üç il əvvəl saxlanılıb. Məşhəd məhkəməsinin hökmü ilə edama məhkum edilib. O, araq içməklə yanaşı həm də mənzilində alkoqollu içkilər saxlamaqda və sürücülük vəsiqəsi olmadan amtomobil sürməkdə təqsirləndirilib”.
İran İnsan Hüquqları Təşkilatının rəhbəri Mahmud Əmiri Müqəddəm İran Məhkəmə Sisteminin bu qərarını “qeyri-insani addım” adlandıraraq, pisləyib: “İran Məhkəmə Sistemi bu edamla bir daha sübut etdi ki, onunla İŞİD arasında heç bir fərq yoxdur”.
Qeyd edək ki, İrandakı İslam Cəza Qanununun 179-ci maddəsinə əsasən, araq içən hər bir şəxs birinci və ikinci dəfə şallaq, üçüncü dəfə təkrar olduqda isə edama məhkum olunmalıdır.